Moskvada “AzərRos”un qurultayı keçirilir

Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "AzərRos"un V qurultayı keçirilir. APA-nın Moskva müxbirinin məlumatına görə, qurultayda Rusiyanın yüksək səviyyəli rəsmi şəxslərindən iştirak edən olmayıb, həmçinin Rusiya prezidenti və baş nazirinin də tədbirə hər hansı təbrik məktubu ünvanlanmayıb.

Qurultayda yeni yaradılmış Rusiya Azərbaycan Təşkilatları İttifaqında (RATİ) toplaşmış tanınmış azərbaycanlı biznesmenlərdən də iştirak edən olmayıb. RATİ-də təmsil olunanlardan yalnız Rüstəm İbrahimbəyov və Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov qurultaya qatılıb.

Qurultayda hazırkı prezident Söyün Sadıqov hesabat məruzəsi ilə çıxış edib, hesabat səsə qoyularaq, qəbul edilib. Qurultayda daha sonra təşkilatın Nizamnaməsinə bəzi dəyişikliklər müzakirəyə çıxarılıb. S. Sadıqovun təklifi ilə "AzərRos"un Federal Şurasının strukturuna dəyişiklik edilib, şuranın sədri vəzifəsi ləğv edilərək, katiblik yaradılıb.

S. Sadıqov qurumun prezidenti postunun ləgv edilərək, əvəzində direktor vəzifəsinin yaradılmasını təklif etsə də, onun bu təklifi qəbul olunmayıb."AzərRos"un Ağsaqqallar Şurası da təsis edilib. Ağsaqqallar Şurasının tərkibinə Rüstəm İbrahimbəyov, Abbas Abbasov, Ramiz Abutalıbov, Tofiq Məlikli, Natiq Ağamirov, Rüstəm Arifcanov, Qalib Ağayev və Şirvan Kərimov seçiliblər.

Qurultay işini davam etdirir. Qeyd edək ki, bir müddət öncə S. Sadıqov yeni siyasi partiya yaratması ilə əlaqədar "AzərRos"un prezidenti vəzifəsindən istefa verdiyini bildirib. O, hazırda Rusiyada fəaliyyət göstərən Abbas Abbasovun "AzərRos"un prezidenti vəzifəsinə namizədliyini Rusiya prezidenti Vladimir Putinlə də müzakirə etdiyini açıqlayıb.

Xatırladaq ki, "AzərRos" 1999-cu ildə yaradılıb.