Son zamanlar insanları düşündürən əsas məsələlərdən biri internet vasitəsilə xaricdən alınan malların vergilərə cəlb edilməsi ilə bağlı bir çox internet saytlarda və sosial şəbəkələrdə geniş yayılan xəbərlərdir. Son zamanlar insanları düşündürən əsas məsələlərdən biri internet vasitəsilə xaricdən alınan malların vergilərə cəlb edilməsi ilə bağlı bir çox internet saytlarda və sosial şəbəkələrdə geniş yayılan xəbərlərdir.

Xaricdən internet vasitəsilə alınan mallara görə vergi tutulacaqmı? - Ekspert rəyi

Son zamanlar insanları düşündürən əsas məsələlərdən biri internet vasitəsilə xaricdən alınan malların vergilərə cəlb edilməsi ilə bağlı bir çox internet saytlarda və sosial şəbəkələrdə geniş yayılan xəbərlərdir.

Lakin qeyd olunan məsələ ilə bağlı bu günədək müxtəlif fikir ayrılıqları var və insanlara internet vasitəsilə xaricdən mallar aldıqları halda hansı vergiləri ödəməli olduqları barədə dəqiq məlumat verən yoxdur. Məsələn, insanlar dəqiq olaraq bilmirlər ki, ebay, alibaba və ya digər bu kimi saytlardan nəsə aldıqları halda vergi ödəməlidilərmi? Hətta bəzi saytlarda və sosial şəbəkələrdə xaricdən alınan mallara görə 18% əlavə dəyər vergisinin ödənilməsi kimi yanlış fikirlər də yer almışdır.

Bəs ümumiyyətlə elektron qaydada xaricdən alınan mallara görə vergi tutulmalıdırmı?

Məsələ ilə bağlı Total Consulting MMC-nin eksperti Fikrət İbrahimova müraciət etdik. Ekspert AzNews.az-a bildirdi ki, bu hal hazırda insanları narahat edən əsas məsələlərdən biridir. Çünki son illər vətəndaşların əksəriyyəti şəxsi istehlakı üçün zəruri olan malların internet vasitəsilə xaricdən alınmasına üstünlük verir. Buna səbəb isə həmin malların xaricdən daha ucuz qiymətə alınmasıdır: “Belə ki, 2017-ci ilin yanvar ayının 1-dən hüquqi qüvvəyə minən vergi qanunvericiliyinə edilmiş bir çox dəyişikliklər sırasında elektron ticarətin (rəqəmsal iqtisadiyyətin) vergiyə cəlb edilməsi ilə bağlı olan dəyişikliklər də mühüm yer almışdır. Vergi Məcəlləsinin 169.1-ci və 169.3-cü maddələrinə edilən yeni dəyişikliklərə görə ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident tərəfindən Azərbaycan Respublikasının ərazisində elektron ticarət qaydasında işlərin görülməsi və xidmətlərin göstərilməsi vergiyə cəlb olunur və vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir. Bu halda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir. Yəni, bir qayda olaraq, elektron ticarət qaydasında xaricdən qeyri-rezidentlərdən alınan mallar deyil, yalnız onlar tərəfindən görülən işlər və göstərilən xidmətlər ƏDV-yə cəlb edilir. Xaricdən elektron qaydada alınmış mallara görə isə ƏDV ödənilmir. Bu birmənalı və şübhəsizdir.”

Mal dedikdə nə nəzərdə tutulduğuna isə, ekspertin cavabı o oldu ki, saytlardan alınan telefonlar, hər hansı ehtiyyat hissələri və digər bu kimi əşyalar mal sayılır və onları əldə etdikdə ƏDV ödənilmir: "Xidmətlər siyahısına isə qeyri maddi aktivlər, yəni saytlardan əldə edəcəyimiz proqram təminatları, antiviruslar, mahnı və oyunlar, banklara gəldikdə isə məsələn SWİFT açarlar, da aid edilir. Yalnız bizdə olan məlumata görə, xidmətlərin tam dəqiq siyahısı hal hazırda Vergilər Nazirliyi, bankların mütəxəssisləri və digər əlaqəli şəxslər tərəfindən müəyyənləşdirilir və yaxın günlərdə ictimaiyyətə təqdim ediləcək".

Bundan əlavə, hüquqşünas bildirir ki, digər vacib məsələ vətəndaşların elektron qaydada xaricdən alınan mallara görə ödənişin elektron pul kisəsi vasitəsilə edilməsi ilə bağlıdır: “Vergi Məcəlləsinə əlavə edilmiş yeni 125.1-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürülərkən, əməliyyatı həyata keçirən yerli bank, xarici bankın Azərbaycan Respublikasındakı filialı və ya poçt rabitəsinin milli operatoru həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində vergi tutur. Bu o deməkdir ki, ödənişin təyinatından asılı olmayaraq, yəni sonradan həmin pul məbləğinin istifadə qaydasından və yerindən asılı olmayaraq, elektron pul kisəsinə pul köçürülərkən ödəniş məbləğinin 10% miqdarında ödəmə mənbəyində vergi tutulur. Təbii ki, elektron qaydada xaricdən malların alınmasının çox hissəsi “Ebay”, “Alibaba” və digər bu kimi elektron ticarət saytlar vasitəsilə həyata keçirilir, bu halda da ödəniş əməliyyatlarını həyata keçirmək üçün “PayPal”, “Google Wallet”, “Checkout By Amazon”, “Moneybooks” və s. kimi internet proqramlardan istifadə edilir. Elektron pul kisəsini əldə etmək üçün müştəri bu sahədə fəaliyyət göstərən şirkətlərin birinin səhifəsindən qeydiyyatdan keçir. Proqramı əldə edən müştəri adi ödəniş kartları və bank hesablarından pul kisəsinə istədiyi qədər məbləği transfer edə bilir. Bundan sonra müştəri sadəcə öz şifrə və parolu və ya elektron poçt ünvanını yazmaqla elektron pul kisəsinə daxil olaraq, onlayn alış-veriş edə bilir. Müştəri elektron pul kisəsinə hər hansı məbləğdə pul köçürürsə, daha sonra həmin məbləğin malların alınmasına, görülmüş iş və göstərilmiş xidmətlərin dəyərinin ödənilməsinə istifadə edirsə, ödənişin təyinatına nəzarət etmək praktiki cəhətdən qeyri-mümkün olur. Bu səbəbdən də, hesab edirik ki, qanunvericiliyə bu cür maddənin əlavə edilməsi qeyd olunan məsələnin birmənalı şəkildə həll edilməsi olmuşdur. Yəni, elektron pul kisələri vasitəsilə həyata keçirilən ödənişlərin təyinatına nəzarət etmək mümkün olmadığı səbəbindən, vətəndaşlar xaricdə qeydiyyatdan keçmiş qeyri-rezidentə məxsus pul kisəsinə öz mülkiyyətləri hesab edilən pullarını köçürdükdə, vergi ödəməli olurlar, sonradan bu pulun istifadə edilib-edilməməsindən asılı olmayaraq. Lakin, onu da qeyd etmək lazımdır ki, vətəndaşlar tərəfindən elektron ticarət qaydasında elektron pul kisəsindən istifadə etmədən, bank hesabı və digər ödəniş vasitələri ilə xaricdən alınan mallara görə heç bir vergi ödənilmir. Yalnız vergi ödəyiciləri həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı xaricdən alınmış malların ölkəyə idxal zamanı vergi qanunvericiliyinin tələblərinə əsasən ƏDV ödəyir və sonradan qeyd olunan ƏDV-ni əvəzləşdirmək imkanını əldə edir, vergi ödəyiciləri sayılmayan şəxslərə aid hissədə isə idxal qaydaları dəyişdirilməyib.”

Nəticə etibarı ilə, hüquqşünas bildirdi ki, vətəndaşlar elektron ticarət qaydasında xaricdən almalı olduqları malları qeyri-rezidentlərin yaratdığı elektron pul kisəsi vasitəsilə əldə edirlərsə bu zaman ƏDV deyil, 10 % miqdarında ödəmə mənbəyində vergi ödəməli olurlar, həmin malları elektron pul kisəsinə pul köçürmədən, bank hesabları və ya digər ödəniş vasitələri ilə xaricdən alırlarsa bu halda heç bir vergi ödəmirlər.

Sonda ekspert belə bir halda vətəndaşa nə etməli olması ilə bağlı məsləhət də verib: "Çalışın internet vasitəsilə xaricdən mallar alarkən ödənişi elektron pul kisəsinə köçürmədən qarşılıqlı razılıq əsasında bilavasitə satıcının bank hesabına köçürün və ya digər qanuni ödəniş vasitələri ilə malın dəyərini satıcıya ödəyin. Yaxud malları aldığınız ölkədə olan qohumlar və tanışların köməyi ilə həmin malları əldə edin. Bilin ki, yalnız bu halda xaricdən elektron qaydada alınmış mallara görə ödəniş etdiyiniz zamanı 10 % miqdarında vergini ödəməyəcəksiniz".

Total Consulting MMC

Ünvan: Təbriz küçəsi 100A, Bakı, Azərbaycan

https://www.facebook.com/Total.Consulting.Company/

www.totalconsulting.az

Tel: (+994 12) 496 19 17; Faks: (+994 12) 496 06 22

Mob: (+994 55) 215 33 23;