Nəqliyyat Nazirliyində kollegiya iclası keçirilib

Nəqliyyat Nazirliyində Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksinə daxil olan sahələr üzrə 2012-ci ilin yekunları və 2013-cü ildə nəzərdə tutulan tədbirlərə həsr olunmuş kollegiya iclası keçirilib. "APA-Economics"in məlumatına görə, iclasda "Azərbaycan Dəmir Yolları" QSC-nin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin və "Azəryolservis" ASC-nin ayrı-ayrılıqda hesabatları dinlənilib, görülmüş işlər və onların nəticələri müzakirə edilib. Kollegiyada 2013-cü ilin perspektiv planları ilə bağlı geniş və ətraflı məlumat verilib.

2012-ci il ərzində nəqliyyat sektorunda aparılmış islahatlar, görülmüş işlər barədə danışan nəqliyyat naziri Ziya Məmmədov ümumilikdə nəqliyyat-yol kompleksi üzrə 2012-ci ilin yekunlarını qənaətbəxş hesab edib. Bununla yanaşı, nazir qurumların fəaliyyətində müəyyən qüsurların olduğunu, avtomobil və dəmir yolları sahəsində, sərnişindaşımada bəzi problemlərin hələ də həll edilmədiyini xatırladıb və bununla bağlı sistemli tədbirlər görülməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib. Kollegiya iclasında müzakirə edilən məsələlər üzrə müvafiq qərarlar qəbul edilib.

AzNews.az