Adil İsmayılov məhkəmələrdən şikayətlənir

“Avropa Məhkəsinin qərarları ilə bağlı bir nəfər də olsun hakim cəzalandırılmayıb”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 2012-ci ildə Azərbaycanla bağlı 17 qərar çıxarıb. Bu qərarların 5-i ədalətli məhkəmə hüququ, 6-sı mülkiyyət hüququ, daha 6-sı isə azad seçkilər hüququ ilə bağlı olub. Ümumiyyətlə, ötən il Azərbaycandan AİHM-ə 1299 müraciət daxil olub. Onlardan 694-ü rədd edilib, 342 müraciət isə icraata qəbul edilib.

Maraqlıdır, təkcə bir ildə Azərbaycan məhkəmələrində narazılıq edərək AİHM-yə 1299 müraciət daxil olub və onlardan müəyyən hissəsinə baxılaraq müsbət qərar çıxarılıb. Buna baxmayaraq, Azərbaycan məhkəmələrinin ədalətsiz qərarlarından Avropaya şikayətlərin ardı-arası kəsilmir.

Bununla bağlı AzNews.az-a danışan tanınmış vəkil Adil İsmayılov deyir ki, belə bir vəziyyətin yaranmasında əsas amil Azərbaycanda məhkəmələrin müstəqil olmamasıdır : "Avropa Məhkəməsinə göndərilən müraciətlər Azərbaycanda məhz məhkəmələrin müstəqil olmadığının göstəricisidir. Avropa Məhkəməsində müsbət həllini tapan qərarların düzgünlüyünü Azərbaycan məhkəmələri özləri də bilirlər. Amma buna baxmayaraq Azərbaycan məhkəmələrində yanlış qərarlar verilməkdə davam edir. Bildiyimə görə bu günə kimi Avropa Məhkəsinin qərarları ilə bağlı bir nəfər də olsun hakim cəzalandırılmayıb. Sadəcə olaraq, Avropa Məhkəməsinin çıxartdığı qərarlara Azərbaycanda yenidən baxılaraq icra olunub".

A.İsmayılov onu da əlavə edib ki, Azərbaycanla əlaqədar konkret işlər üzrə Avropa Məhkəməsinin qərarları var və onlardan irəli gələn tələblər başqa işlərdə də pozulur: "Elə işlərimiz var ki. onlar hazırda məhkəmədədir. Məhkəmədə məsələ qaldırırıq ki, Avropa Məhkəməsinin konkret bu məsələlərlə bağlı qərarları var. Orada konkret olaraq bu tipli məsələnin necə həllini tapması yolları da çox aydın göstərilib. Amma bunu etmirlər. Konkret olaraq Nigar Yaqublunun işini misal göstərə bilərəm ki, Avropa Məhkəməsinin qərarına görə onun həbsdə saxlanması qanunsuz idi. Bunu məhkəmələr də, hakimlər də başa düşür".

Gültəkin
AzNews.az