Qürbətdə bir cümə havası



Fazil Mustafa

Hər dəfə səfərlərə çıxarkən Cümə gününün hansı məmləkətə dəng gəlməsi ilk düşündüyüm mövzulardan olur. Bəxtimdən son həftə Ankarada Kocatəpənin möhtəşəm sütunlu zalında Cümədə olmuşdum və Türkiyədəki təmiz, maraqlı bir ortamda bu namazın qılınması haqlı olaraq içimdə tarazlığı yərbəyer etmişdi. Sözdə nə qədər ucadan söyləsək də, divarlara yapışdırıb vursaq da Bakı İslam mədəniyyətinin paytaxtıdır, bir Cümə günü İlahiyyat Camisinin yağış sularının yuduğu həyətində, quru yerdə, soyuq havada bir qədər təmiz olmayan ortamda daha çox ağla gələn Bakının İslam mədəniyyətsizliyin paytaxtı anlayışı olur. Doğrudur, Təzə-pir, Əjdərbəy, Bibihəybət məscidlərini dövlət təmir ətdirəndən sonra insanların ibadət etməsi üçün altrnativ yerlər yaranıb, ancaq bu gün dörd milyonluq bir şəhər üçün geniş qapalı binaya və həyət sahəsinə malik, avtomobil saxlamağa şəraitli, gediş-gəliş üçün rahatlığı olan yerdə Qafqazın ən böyük bir Camisinin inşası vacibdir. Prezidentin Binəqədi rayonu ərazisində bələ bir Cami inşası ilə bağlı sərəncamını həqiqətən də ürəkdən alqışlayanlardan biri kimi, layihənin yuxarıda sadaladığım tələblərə uyğun gələcəyinə də nədənsə ümid bəsləyirəm. Həm də ümid bəsləyirəm ki, bu caminin inşasını həyata keçirən kimsələr heç olmazsa Allah evinə ayrılan vəsaitin allahsızcasına mənimsənilməsinə yol verməyəcəklər. Bir də niyəsə ümidim var ki, yaxın zamanlarda Şəhidlər Camisinin də üzərindən qara buludlar çəkiləcək və yenidən insanların üzünə açılacaq.
Bu dəfə Almaniyanın Mayns şəhərindəydim və Cümə namazı üçün dostlarım bir Türk camisinə götürdülər. Türk-İslam Kültür Mərkəzinin içində. Kafesi, kitabxanası, əlifba və Quran kursları üçün otaqlar. Erkəkli, qadınlı bütün qürbətçilərin ibadət etdiyi, söhbətləşdiyi, qəzet oxuduğu, çay içdiyi bir dayanışma mühitinin içində ətrafı maraqla seyr edirsən. Azərbaycandan olan qürbətçilərin də bir neçəsi buraya əsasən Cümə günləri baş çəkir və Anadolu türkləri ilə isti münasibət saxlayırlar.
Qürbətdə hansı şəhərə gedirəmsə ilk olaraq oranın məktəb və universitetləri, ardınca da ibadət yerləri ilə maraqlanıram. Azərbaycan diaspor fəaliyyətlərinin bəlkə də ən zəif yönünün burada axtarılmasının vacibliyini düşünürəm. Bir sıra yerlərdə Mədəniyyət Mərkəzlərinin və ya Azərbaycan Evlərinin açılması müsbət haldır. Ancaq bu formatlara geniş qürbətçi topluluğu ardıcıl olaraq yığa bilmək, müəyyən bir ideya təməlində onlar arasında bir həmrəylik duyğusu yaratmaq çox çətin olur. Bizdə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü var, ancaq Həmrəyliyin motivi hələ də doğru tapılmayıb. Bunun üçün xaricdə Anadolu Türklərinin illərdir sınaqdan çıxardığı kültür mərkəzi-məktəb və cami modelindən faydalanmaq olardı. Əlbəttə, bu addımlar heç bir halda qürbətçilərin yaşadığı ölkənin təhsil, siyasi, biznes və mədəni həyatına inteqrasiyasına mane olmamalıdır. Ancaq bütün hallarda təhsil və din qürbətdə yaşayanlarımız üçün ən vacib diqqət yetirilməli məsələlərdir. Burada həm də ikili vətəndaşlıq probleminin Azərbaycan dövlətinə zərər vurmayacaq şəkildə həlli yollarının tapılması vacibdir. Avropadan öz Vətəninə gələn Azərbaycanlıdan viza tələb olunması, müəyyən məbləğin alınması bu insanların qüruruna toxunulan amillərdən olduğuna görə, hansısa formada bu istiqamətdə dövlət tərəfindən yumşaldıcı addımlar atılmasına ehtiyac var.
"Qürbət cənnət olsa da, yenə Vətən yaxşıdır". Səslənişi gözəl, mənası insan haqlarına uyğun gəlmir. Normal düşüncəyə və əxlaqa sahib İnsan həm özü, həm də ailəsi üçün sağlam, qanunların işlədiyi, şəxsiyyətinə dəyər verilən, sevginin və xoşgörünün olduğu bir mühiti Vətənində tapmayanda qürbətə üz tutur. Bu insanlara yaxşı Vətən verə bilməsək də, Vətəni uzaqlarda təmsil etməyə, tanıtmağa, Vətəni dəstəkləməyə yaxşı şans verməliyik.
Qürbətçilərlə bir az oturub-durandan sonra dəyəsən mən də qəribsədim Vətən üçün...