"Saxta diplomla işləyən həkimlərin əksəriyyəti stomotoloqlardır"- ŞƏRH

“Onlar əvvəlcə diş texniki kimi fəaliyyət göstərir.”

Bunu AzNews.az-a açıqlamasında tibb elmlər namizədi, professor Rəşid Mahmudov Azərbaycanda 192 həkimin saxta diplomla fəaliyyət göstərməsi xəbərinə münasibətində deyib. Onun sözlərinə görə, tibb təhsili olmayan insanlar stomotoloqların yanına gedib və asanlıqla bu peşəni mənimsəyir:

“Onlar ilk olaraq diş texniki kimi fəaliyyət göstərir. Sonra görür ki, bu peşəni mükəmməl öyrənib, gedib Rusiyadan saxta diplom alır. O diplomları hər yerdə satırlar. Bu məsələ çoxdan araşdırılmalı və saxta diplomlarla işləyənlər aşkarlanmalı idi. Tibb təhsili olmayan insan həkim kimi fəaliyyət göstərə bilməz. Rayonların əksəriyyətində saxta diplomla işləyən həkimlərimiz var. Özü də onlar dövlət müəssisəsində işləmirlər.”

Tibbi ekspert, professor Adil Qeybulla 2006-ci ildən fəaliyyəti dayandırılan “Loğman” Tibb Mərkəzinin diplomlarının etibarsız hesab olunduğunu deyib:

“Biri var etibarsız hesab olunan və Azərbaycanın tanımadığı ali məktəblərin diplomları, bir də var saxtalaşdırılmış, heç bir əsası olmayan diplomlar. Bunların özü də müxtəlif kateqoriyalara bölünür. Azərbaycanın tanımadığı diplomlar bir kateqoriyaya daxildir. Digər kateqoriya isə sonradan yazılmış, heç bir əsası olmayan diplomlarıdır. İkincilər cinayət predmetidir. Onlar araşdırılır, hardan və necə əldə olunması üzə çıxarılır.”

Səhiyyə Nazirliyi ötən il Azərbaycanda aşkarlanan saxta diplomların sayını açıqlayıb. Nazirlik 2016-cı il saxta diplom üzrə – 1 ədəd diplom əsli və 191 nəfərə aid toplanmış materiallar Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilib.

Bahar RÜSTƏMLİ

AzNews.az