- Redaktor masası
- 16:40
- 3 963
Güntaya, Güntayın taylarına- Azərbaycanı hədəf alan bütün tölgələrə və kölgələrə!

İsrail-İran savaşı bütün dünyanın gündəmindədir. Davam edən hərbi əməliyyatlar fonunda təkcə İranın yox, bütövlükdə Yaxın Şərqin aqibəti ilə bağlı xeyli suallar var. Yaranan suallara elmi, rasional cavablar verənlər də var, münaqişə tərəflərinin propoqandasının təsirinə düşüb dərviş Məstəli kimi Təl-Əvəvi yerlə-yeksan edənlər, yaxud istənilən savaşın qaçılmaz sonucu kimi cənubdakı qonşumuzun üzləşdiyi humanitar problemləri görməzlikdən gələnlər də. Amma bu günkü mövzumuz savaş deyil, tarix, modernləşmə və bir də tarix bilinci olmayanların ortaya atdığı sarsaq iddialardır. Bu iddialardan birinin də müəllifi Güntay Tölgədir.
Tölgə yazır:
“İranın dini yapısı Səfəvi işğalından sonra tamamən dəyişmişdir. İranın sekulyarlaşması və demokratiklşəməsi yolunda iki əsas əngəl var: 1- Səfəvizədəlik, 2- Türk varlığı”.
Səfəvilərin rəsmi ideologiyası qızılbaşlıq idi və sonradan şiələşmiş bu təriqət hakimiyyəti altındakı ərazilərdə 12 imamın qutsallığını təbliğ edirdi. Nətəcədə islamın şiə məzhəbi Səfəvilər sayəsində güclü siyasi dayaq əldə etdi, imperiya ideologiyasına çevirildi. Lakin Səfəvilər şiəliyi deyil, sünniliyi də yaymış olsaydılar, Yaxın Şərqdə dəyişən bir şey olmayacaqdı. Çünki Şərq xalqları renessans dövrünü keçməyib və bu problem birbaşa nə Səfəvilərlə əlaqədardır, nə də islamla.
Əvvəla, Qərb xalqlarının renessansı coğrafi kəşflər və ticarət yolları üzərində nəzarət vasitəsilə sərvət əldə etmələri ilə əlaqəli idi. Bu, elmi və mədəni inkişafa böyük dəstək oldu. Şərq xalqları, xüsusilə Yaxın Şərq və Orta Asiya təbii sərvət bolluğu və əkinçilik əsaslı iqtisadiyyatları ilə yeni iqtisadi arayışlar içərisində deyildilər. Bu isə cəmiyyətlərin xarici dünyaya açılmasına və rəqabətə az ehtiyac yaradırdı.
Digər tərəfdən, Avropada universitetlər və akademiyalar intellektual azadlıq mühitində fəaliyyət göstərirdi. Əksinə, Şərqdə elmi təfəkkür əsasən məscidlər və dini məktəblərlə məhdudlaşmışdı. Bu təhsil sistemi din mərkəzli olduğu üçün elmin dünyəvi aspektləri inkişaf edə bilmədi. Qərbdə çap texnologiyasının sürətli yayılması biliklərin əlçatan olmasını təmin etdi. Şərqdə isə bu texnologiyanın yayılması gecikdi və bilik mübadiləsi dar çərçivədə qaldı. Diqqət edin: burada problem dinin özündə deyil, sosial sistemdədir. Qərbdə xristianlıq da elmi azad buraxmaq istəmirdi, amma sosial dinamikalar sayəsində ondan ayrılmağa məcbur oldu. Şərqdə çatışmayan məhz bu sosial dinamika idi.
Nəhayət, Avropada müxtəlif krallıqlar və şəhər-dövlətlər arasında rəqabət elmi və mədəni inkişafı təşviq etdi. Şərqdə isə mərkəzləşdirilmiş geniş ərazilərə hökm etmək iddiası, imperiya ənənəsi mövcud idi. Səfəvilər Şərqdəki imperiyaların, o cümlədən tarixdəki Türk imperiyalarının nə birincisidir, nə də sonuncusu. Odur ki, Şərq xalqlarının renessans dövrünü keçməməsi Səfəvilərə bağlamaq, nəinki islamın bir məzhəbinə, bütünlükdə islama bağlamaq yanlışdır, kobud səhv, açıq savadsızlıqdır. Şərq xalqlarının tarixi inkişaf yolu onları Qərbin keçdiyi müstəsna renessans təcrübəsindən uzaqlaşdırmışdı. Bu problemləri şərh etmək üçün tarixi oxumaq azdır, onu anlamaq da lazımdır. Ki, Güntayda belə bir qabiliyyət, sadəcə olaraq, yoxdur.
Güntayın tezisində diqqətdən qaçmayacaq bir nüans da var. O, Səfəvilərin İranı işğal etdiyini deyir. Sezmək çətin deyil, o, “İran” dedikdə bu günkü İslam Respublikasını nəzərdə tutur, hansı ki, bir hissəsini də Arazın o tayındakı Azərbaycan təşkil edir. Səfəvilərin Azərbaycanı işğal etməsini iddia etmək üçün istənilən müəllif, Anadolu türkləri demiş, qafasını yeməlidir. Səfəvilər sırf Azərbaycan mənşəli sülalədir, ocaqları, gorgahları Ərdəbildədir. Şah İsmayılın Təbrizdə cülus edərkən oturduğu taxt isə, ana tərəfdən babası Uzun Həsənə məxsusdur. Səfəvilər əslində yeni dövlət deyil, Ağqoyunlu dövlətçilik ənənələrinə söykənən yeni sülalədir. Odur ki, Ağqoyunluya tabe olan ərazilərdə Səfəvilərin mərkəzi hakimiyyəti bərpa etməsi işğal sayıla bilməz. Əgər söhbət Fars əyalətindən, yaxud İrandilli tayfaların yaşadığı digər ərazilərdən, İraqdan, Ərəbistandan gedirsə, Səfəvilər bir imperiya kimi genişlənməyi düşünürdü, işğal edirdi, hakimiyyət qururdu. Bu, hansı imperiyaya məxsus keyfiyyət deyildi ki? Əlbəttə, Güntayın məqsədi aydındır. O, sadəcə, Səfəvilərin Azərbaycanı işğal etdiyinə eyham vurmaq istəyir və “Azərbaycan” adını qabartması ağalarının xoşu gəlməz deyə, bunu dolayı yolla edir.
Onun türkləri, yəni İrandakı azərbaycanlıları demokratiyanın inkişafına əngəl göstərmək cəhdi də puçdur, əbəsdir. Məgər məzhəbindən asılı olmayaraq, hansı ərəb ölkəsində, hansı ari diyarında demokratiya fışqırır ki, İrandakı azərbaycanlılar onlardan geri qalıb? Tam əksinə, 1905–1911-ci illərdə baş vermiş və Qacarlar dövlətində parlamentin əsasının qoyulması ilə nəticələnmiş məşhur Məşrutə İnqilabının həm hədəfində, həm də mərkəzində Azərbaycan türkləri dayanır.
Güntay sözlərinə davam edir:
“İran tarixində Səfəvi dövlətinin quruluşu bir dönüm və qaranlıqlara gömülüm nöqtəsidir. Səfəvilər bu ölkəni ən qatı qaranlığa gömdürlər. Yəni Anadoludan Osmanlı zülmündən gələn və heç bir şəhər həyat təcrübəsi olmayan köçəri qızılbaş türk axını ölkəmizi içindən çıxa bilməyəcəyimiz məzhəbi qaranlığa gömdülər”.
Səfəviləri qaranlıqla əlaqələndirmək bir yerdən sizə də tanış gəlir, deyilmi? Lap elə bu yaxınlarda Milli Məclisin deputatı Fazil Mustafa da oxşar hava ifa etmişdi. Amma Tik-tokda rastınıza çıxsa, görəcəksiniz ki, bu, heç Fazillik məsələ də deyil. Azərbaycana, Azərbaycanlılara, etnogenezisimizin əsaslarını yaradan Səfəvilərə qarşı aparılan sistemli təbliğatdır. Bəli, Səfəvilər yarımköçəri qızılbaş türk tayfaları ilə xanədan qurmuşdular. Amma özləri yarım köçəri deyil, oturaq idilər. Əmir Teymur və digər türk xaqanları onlara Ərdəbildən Qəzvinəcən böyük torpaq sahələri, mülklər, iqamətgahlar ərmağan etmişdilər.
Həmçinin maraqlıdır: Güntay “ölkəmiz” deyəndə haranı nəzərdə tutur?
Səfəvilər, yuxarıda dediyimiz kimi, Uzun Həsənin mülkündə hakimiyyəti ələ almışdı. Bayandırlılar oğuz türkü, paytaxtları Diyarbəkir və Təbriz idi. Qara Yülük bəyin məzarı Bayburtdadır. Qaraqoyunluların başkəndləri isə, Ərçişdə, Mosulda, Təbrizdə idi. Onlar da yarımköçəri oğuzlar idilər. "Şəhər həyat təcrübəsi olmayan" bu Baharlıların, Bayandırlıların, eləcə də Səfəvilərin başına toplaşmış oğuz və qıpçaq mənşəli tayfaların başqa bir təcrübəsi vardı- DÖVLƏT QURMAQ!
Bəli, Güntayların da, Güntayın taylarının da, tölgələrin də, kölgələrin də qarşı çıxdığı əslində Səfəvilər deyil, Azərbaycan işığı, Azərbaycan ocağı, Azərbaycan çırağıdır.
Çıraq yananda his edər.
Güntay kimilər də hisdir, pasdır, xıltdır.
Əgər beyni his tutmasaydı yadına salardı ki, Şərqə ilk mətbəəni, ilk demokratik respublikanı, ilk teatrı, ilk operanı, ilk neft quyusunu, ilk qızlar məktəbini məhz Azərbaycan gətirib. Şah İsmayılı taxta çıxardan tayfaların varisləri.
Güntayın zehnindəki his-pas olmasaydı, o başa düşərdi ki, hazırkı İranın dini və siyasi tarixi Səfəvilərlə məhdudlaşdırıla bilməz. Bu ölkədə zərdüştlük, xristianlıq və digər dini cərəyanlar da mövcud olub. Tarixin bütün məsuliyyətini tək bir sülalənin üzərinə qoymaq dialektik kolliziyadır.
Bu kolliziyanı dərinləşdirən həm də budur ki, Güntay bütün dini cərəyanlar kimi, şiəliyin də reformalarla zamanın çağırışları ilə uzlaşdırıla biləcəyini anlamaq istəmir. İstəsə də anlaya bilməz, çünki ehkamlardan, streotiplərdən çıxış edir, demokratiyanın tərəqqisinə etnik və məzhəb kökənli amilləri maneə sayır, siyasi, iqtisadi və sosial dinamikaları nəzərə almır.
Amma bizim nəzərə və qeydə aldığımız bir çox şey var. Biri də, biriləri də İran-İsrail savaşını bəhanə edib Azərbaycanın üstünə gəlmək, keçmişimizə, bu günümüzə və gələcəyimizə qaramat yayanlardır.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru