Təbrizdən Bakıya gələn ailənin ürək parçalayan hekayəti AzNews.az-da Təbrizdən Bakıya gələn ailənin ürək parçalayan hekayəti AzNews.az-da

“Gecələr telefon zəng çalanda qorxuram” - HƏYAT DRAMI

Təbrizdən Bakıya gələn ailənin ürək parçalayan hekayəti AzNews.az-da


AzNews.az oxucularına yeni layihə təqdim edir. Bu dəfə sizə "Bizimkilər"i təqdim edəcəyik. Layihəmizin qonaqları müxtəlif ölkələrdən, müxtəlif səbəblərlə Azərbaycana gələnlərdir.

Bəziləri siyasi səbəblərlə gəlib, bəziləri sadəcə əmək miqrantlarıdır, bəziləri isə həyatının digər yarısını burada tapıb elə bu səbəbdən Vətən deyə Azərbaycanı seçib. Hansı səbəblə gəlmələrindən asılı olmayaraq, onların ortaq bir həyatı var - vətəndən uzaqda yaşamaq. "Bizimkilər"lə vətəndən uzaqdakı bu həyat barədə danışdıq. İlk qonağımız da vətənin o tayından - Təbrizdən, vətənin bu tayına - Bakıya 9 il bundan əvvəl gələn Mahmud Cavanzadə oldu.

Onunla söhbətimizdə iki qızı da iştirak edirdi. Həyat yoldaşı da özü kimi Güney Azərbaycandandır. Amma xanımla mətbuat üçün danışmağımız mümkün olmadı. Özünəməxsus və anlayacağımız səbəbləri vardı. Bu haqda bir az sonra. Hələlik isə sizi "Bizimkilər"in ilk qonağı ilə yaxından tanış edək.


"Edam adı ilə apardılar...".


M.Cavanzadə Təbrizdə keçirdiyi yeniyetməlik və gənclik illərini belə xatırlayır:

"İranda "siyasi" olmaq özü cəzaya yol açır. Mənim isə siyasətlə maraqlanmağım hələ islam inqilabı illərində baş verən hadisələrlə bağlı oldu. Xomeyni hakimiyyətə gəlməzdən öncə Təbrizdə Şəriətmədari ilə danışıqlar apardı. Məqsədi dəstək almaq idi. Bunun müqabilində isə Azərbaycana muxtariyyət vəd edilmişdi. Ancaq sonradan Şəriətmədariyə verilən söz yerinə yetirilmədi və o özü əvvəlcə ev dustağı oldu, daha sonra isə öldürüldü. O zaman xalq arasında Şəriətmədarinin kasetləri yayılırdı, insanlar onun çıxışlarını dinləyirdilər. O vaxt subay idim, bir qohumumuz gəlmişdi, evdə olan kaseti qoydum baxdı. Bundan sonra gəlib məni həbs etdilər, sən demə həmin adam ETTELAAT – a xəbər verib".

Beləcə 9 ay ETTELAAT həbsxanasında keçən günlər başlayır. M.Cavanzadə edam ediləcəyini gözləyir. Edam olunmasa da, psixoloji işgəncə elə ölümə bərabər olur. Dəfələrlə gözləri bağlı şəkildə edam adı ilə aparılıb, bir dəfəsində hətta atəş də açılıb: "Elə bildim ki, artıq ölmüşəm. Ölümdən sonrakı həyatı yaşayıram. Sonradan gözlərimi açanda başa düşdüm ki, yalan imiş. Güllələri kənara atıblar". Ancaq həbsdə saxlandığı müddətdə onda Şəriətmədarinin kasetlərinin olduğunu, həmin şəxsin də evdə kasetlərə baxdığını qətiyyətlə inkar edir. Daha sonra azadlığa buraxılır, amma daim nəzarətdə olur.

"Bu tay müstəqillik qazandıqdan sonra güneydə milli hərəkat daha da gücləndi. Doktor Zöhtabi ilə anam qohum idi. Onunla ilk dəfə indi yürüş halını alan Babək qalasına getdik. 20-30 nəfər idik. Doktor əlini daşa vurub dedi ki, görəcəksiniz, vaxt gələcək bura milyonlar axışacaq. Dediyi kimi də oldu. İndi Babək qalasına yürüş milli hərəkatın simgəsi olub və milyonlarla insan bütün əziyyətə, həbslərə, təzyiqlərə baxmayaraq yürüşə gedir".


Təbrizi tərketmə səbəbi - ermənilərə üsyan


Bu müddətdə getdikcə güclənməkdə olan milli hərəkata əsasən maliyyə yardımı etdiyini deyən həmsöhbətim universitetlərdə tələbə hərəkatının yaranması, türk dilində dərgilərin çıxdığını bildirir. Ardınca ermənilərin hər il qeyd etdikləri qondarma soyqırım mərasimləri gəlir. O mərasimlər ki, ermənilər Tehranda bütün küçələri qondarma soyqırımı əks etdirən plakatlarla bəzəyir, azərbaycanlılar da gecələr o plakatları yandırmaqla məşğul olurlar. Belə "tədbirlərdən" birində iştirak etdiyinə görə, yenidən həbs təhlükəsi ilə üzləşən M.Cavanzadə gecə ikən Təbrizi tərk etməli olur. Beləliklə Vətənin bu tayına yol başlayır. Özü tək Bakıya gəlir. Ailəsini gəlməsi isə 2 il vaxt aparır:
"Bura gələndən sonra getdim millət vəkili, xalq şairi Sabir Rüstəmxanlının yanına . O da məni Miqrantlara Hüquqi Yardim Mərkəzinə, Əlövsət Əliyevin yanına göndərdi. Onların köməyi ilə sənəd aldım".


"Qatar bileti belə satılmayan sənədlə yaşayırdıq"


Sənəd deyib keçməyin, bu elə bir sənəddir ki, onunla heç qatar bileti belə almaq olmur. Bunu da həmsöhbətim deyir: "Bir dəfə Gəncəyə getmək istəyirdim. Qatar biletini bu sənədlə vermədilər. Heç bir qüvvəsi yoxdur. O sənədi də əvvəl 1 illik verirdilər, indi 3 aydan bir arayışla vaxtını uzadırlar".

Bakıya gəldikdən 2 il sonra ailəsinə qovuşub: "Təbrizdə olarkən böyük qızımız Ayla doğulmuşdu. Ayla 5 il orda məktəbdə oxuyub. Daha sonra təhsilini burda davam etdirib. Fars dilindən sonra türk dilində oxumaq nə qədər çətin olsa da, Ayla bacardı. Digər qızım Tomris Bakıda anadan oldu. Gələn il məktəbə gedəcək. Ona doğum haqqında şəhadətnamə verilib, ancaq Aylanın Azərbaycanla bağlı heç bir sənədi yoxdur. Ona görə də məktəbi bitirdikdən sonra iş problemi yarandı".

Əslində elə M.Cavanzadənin özünün də iş problemi var. Problemi yaradan səbəb də sənədsizliklə bağlıdır. Özünü dinləyək:

"İki ali təhsilim var. Türkiyədə türk dili və ədəbiyyatı, İranda isə mühəndis ixtisasları üzrə təhsil almışam. Ancaq heç bir ixtisasım üzrə işləyə bilmirəm. Çünki sənəd problemi var. Vətəndaşlıq verilmir, qaçqın kimi verilən sənədlə isə dediyim kimi heç bilet, telefon nömrəsi belə almaq olmur. Dəfələrlə iş təklifi aldım, xüsusən də mühəndis kimi. 1000-1500 manat əmək haqqı təklif olunurdu. İş reallaşanda isə məlum oldu ki, müqavilə bağlamaq üçün bu sənəd yetərli deyil".


Təbrizdə Ayla, Bakıda Tomris qadağası


Qızı Aylanın da eyni problemi var. Ancaq İran qanunlarına görə, vətəndaşların ölkədən kənarda doğulan uşaqları da şəxsiyyəti təsdiq edən sənədlə təmin olunur. Cavanzadə ailəsi də balaca Tomris üçün sənəd almaq istəyəndə bu dəfə də ad problemi ortaya çıxıb:

"İranda uşaqlara müəyyən adların qoyulmasına icazə verilmir. Ayla adını alana qədər 3 ay gəzdim. Səfirlikdə də bir siyahı göstərirlər, adı ancaq o siyahıdan seçmək olar. Həmin siyahıda da Tomris adı yox idi. Ona görə də Tomrisə İran sənədi almadıq".
Bir sözlə, ailənin iki övladından biri Azərbaycan, digəri İran vətəndaşıdır.


Uşaqların əyləncəsi - gülüş


Burda həyatını necə keçdiyini soruşuruq. Gileylənmək istəməsə də, problemlərin girdabında olduğu bəllidir. Kirayə yaşadıqları ev NZS qəsəbəsində yerləşir, hər ay 180 manat ödəyirlər. Bura ailəni cəmi 1 nəfərin qazancı ilə dolandırmaq məcburiyyətini də əlavə etsək, vəziyyəti təxmin etmək çətin olmaz. Amma dolanışıqdan qətiyyən şikayətlənmirlər: "Buna da şükür". Uşaqların xüsusi bir əyləncəsi yoxdur. Amma atası balaca Tomris qəhqəhə çəkib gülənə qədər onunla oynadığını deyir. Bu da əyləncənin ən yaxşı forması.


"ETTELAAT Bakıda da məni müflis etdi"


M.Cavanzadənini sözlərinə görə, Bakıya gəldikdən sonra da ETTELAAT-ın təzyiqləri davam edib. Həm də müxtəlif formalarda:

"Kiçik işlərdən başladım. Çörək pulumu qazanırdım. Bir gün 12 il bir sinifdə oxuduğum yoldaşım zəng etdi ki, Bakıya gəlmək istəyir. Gəldi, burada iş qurmağı təklif etdi. "Oxra" adlanan maddənin gətirilməsi üçün anlaşdıq. Topladığım pulları, eləcə də borc götürdüyüm pulu düzəldib 21 min dolları İrana göndərdim. Artıq müştəriləri də tapmışdıq. Mal gələndə gördük ki, oxra əvəzinə adi qırmızı torpağı qablaşdırıb göndəriblər. 12 illik yoldaşımı axtardım, tapa bilmədim. Sonra mənə dedilər ki, sən demə o, çoxdan ETTELAAT-a işləyirmiş. Əməlli-başlı xərc çəkib məni müflis həddinə çatdırdılar".


Yenə həbsxana, bu dəfə Bakıda...


Amma bundan sonra da həyatdan küsməyib. Yenidən sıfırdan başlayıb. Borclarını ödəyib, kiçik bir dükan açıb. Bu dəfə də yolu həbsxanadan düşüb. Deyir ki, heç bir günahı olmadan 3 il azadlıqdan məhrum edilib:

"Günlərin birində dükanıma gələn 2 nəfər yaxınlıqdakı dükanda oğurluq olduğunu bildirib məni də digərləri kimi polisə aparmalı olduqlarını dedilər. Getdim, qarşıma bir kibrit qutusu qoyub dedilər ki, sən bunu satmısan. Nə qədər çalışsaq da günahımın olmadığını sübuta yetirə bilmədim. Mən xalqımın azadlığı üçün hər şeyimi qurban verməyə hazıram, öz xalqımı zəhərləyə bilərəm? 3 il iş verdilər, 20 ay sonra çıxdım. Uşaqların boğazından kəsib qalan müddət hər ay 80 manat ödədim. 2012-ci ildə Miqrasiya Xidməti həbsdə olduğumu əsas gətirib sənədimi ləğv etdi".


Yolumuz məhkəməyədir


Bundan sonra Cavanzadə ailəsinin məhkəmə yolu başlayıb. Bütün instansiyalardan keçiblər, qərar onların lehinə olmayıb. Ali məhkəmə dekabrın 25 - də işə baxıb və M.Cavanzadənin ölkədən çıxması barədə qərar verib. Bundan sonra Avropa məhkəməsinə üz tutmaq məcburiyyətində qalıb. Avropa məhkəməsi işə baxılana qədər M.Cavanzadənin Azərbaycandan çıxarılmamasını tələb edib. İşə isə 2013-cü il ərzində baxılacağı gözlənilir:

"Azərbaycan mənim vətənimdir, harda yaşasam da bu, belə olacaq. Biz 3-cü ölkəyə getmək istəmirik, öz vətənimizdə qalmaq istəyirik. Amma görünür mümkün olmayacaq. İstəməzdim ki, övladların yenə vətən həsrəti çəksin".


"Telefon zəng çalanda qorxuram"


Ayla atasının sözlərini göz yaşları ilə təsdiqləyir. Deyir ki, ailəsini düşdüyü vəziyyət onu çox narahat edir, ancaq çıxış yolu tapa bilmirlər. Tomris bəlkə də baş verənlərin fərqində deyil, gələn il gedəcəyi məktəbə hazırlaşır. Atası kim olduğunu soruşanda qürurla "türkəm" deyir. Türk sözünü qürurla, şərəflə eyniləşdirir. Amma hər ikisinin gözlərindəki həyəcanı, qorxunu oxumamaq mümkün deyil. Elə atalarının da. Amma qızlarından fərqli olaraq ata narahatlığının səbəbini açıqlaya bilir:

"Ən dəhşətlisi odur ki, hər an pis bir xəbər gözləyirsən. Özümlə bağlı demirəm, valideynlərimlə bağlı. Bəzən gecələr telefon zəng çalır, götürməyə qorxuram ki, pis xəbər verəcəklər, gedə bilməyəcəm. Atam qəza keçirmişdi, günlərlə qorxumdam zəng etmədim. Bu hissi heç nə ilə dəyişdirmək olmur. Sanki kabusdur, başımızın üstündə fırlanır".

P.S.Yazının əvvəlində Mahmud Cavanzadənin xanımı ilə görüşə bilməməyimizdən yazmışdıq. Səbəbi Cavanzadə ailəsi kimi bəlkə neçə-neçə ailənin qorxulu kabusunun gerçək olmasıdır. Bu evin xanımı 2 ay əvvəl anasını itirib, ancaq Təbrizə gedə bilmədiyindən kədərini 40 gün otaqdan çıxmamaqla yaşayıb. Özü, 2 qızı, həyat yoldaşı və dörd divar. Başqa heç kəs və heç nə ...

Elnarə Əlosmanqızı
Mahir Hüseynbəyli
AzNews.az


image description image description image description image description