- İntellektual baxış
- 19:33
- 1 039
Siyasi partiyaların fəaliyyəti milli təhlükəsizliyə təhdiddirsə...
Milli təhlükəsizlik hər bir dövlətin mövcudluğunun, suverenliyinin və ictimai sabitliyinin əsas təminatçısı rolunda çıxış edir. Dövlətin təhlükəsizliyini qorumaq dedikdə bu, təkcə xarici təcavüzlərə qarşı müdafiə ilə məhdudlaşmır. Daxildə də dövlətçiliyi sarsıdan, ictimai sabitliyi pozan və milli maraqlara zidd fəaliyyətlərə qarşı sərt tədbirlər görülməlidir. Bu baxımdan, siyasi partiyaların fəaliyyəti milli təhlükəsizlik prinsipləri ilə uzlaşmadıqda, onların bağlanması zəruri hala çevrilir.
“Azərbaycanda belə partiyalar varmı”- sualı ağla dərhal ilk növbədə AXCP və Müsavatı gətirir. Səbəb sadədir. Harda xəyanət, dövlət çevrilişində alət olmaq, xaricdən vəsaitlər alıb qarışıqlıq yaratmaq varsa, orada bu iki partiyanın adını eşitdik zaman-zaman. Bu cütlüyün Azərbaycan dövlətinə xəyanətinin yaşı ölkəmizin müstəqillik yaşı ilə eynidir. Keçmiş SSRİ-nin dağılması fonunda bircə il hakimiyyətdə olan bu cütlüyün ölkəmizə vurduğu yaraları aradan qaldırmağa on illər sərf olundu. Həmin illərdə Qarabağın itirilməsi fonunda Azərbaycan adlı dövlətin yox olmaq təhlükəsi an məsələsi idi və bu fakt ölkəmizə yaşadılan faciənin miqyasını anlamaq üçün yetərlidir.
Bu təsadüfi adamların hakimiyyətdən uzaqlaşması, nə yazıq ki siyasətdən tam uzaqlaşmaları ilə nəticələnmədi. Azərbaycanı daxildə və xaricdə sevməyən qüvvələrə xəyanətə hazır, ictimai etimadı itirmiş, amma siyasi iddiası qalan “qüvvələr” lazım idi. Xaricdəki dairələrin istəyi Azərbaycan dövlətinə, onun milli maraqlarına qarşı təzyiq rıçaqlarına malik olmaq, ehtiyac olduqda onları hərəkətə gətirmək idi. 30 ildən artıq dövrdə AXCP və Müsavatın siyasi fəaliyyətinə nəzər salmaq yetər ki, onların ancaq və ancaq bu missiyanı yerinə yetirdikləri görünsün. Bu partiyaların xarici dairələrlə əlaqələr qurduğu, müəyyən qrant layihələri və beynəlxalq ofislər vasitəsilə maliyyə, ideoloji dəstək aldığı gün kimi ortadadır. Bu əlaqələr ictimai fəaliyyət pərdəsi altında olsa da, illərdir dövlətin daxili sabitliyinə, ictimai rəydə çaşqınlıq yaratmağa və siyasi sistemə etimadı sarsıtmağa yönəlib. Feminizm, “NO WAR”çılar kimi ortalığa atılan qrupların arxasında Qərb və ermənipərəst dairələr, həmçinin bu iki partiyanın durduğu da cəmiyyətə bəllidir.
Avropa Birliyinin, həmçinin bəzi digər beynəlxalq təşkilatların və xarici diplomatik nümayəndəliklərin bu partiyalarla apardığı görüşlərin məqsədi heç vaxt saf niyyətlərə, ölkənin milli maraqlarına xidmət etməyib. Ancaq hansısa taleyüklü hadisələr, habelə seçkiöncəsi siyasi proseslərə təsir göstərmək və daxili qarışıqlıq yaratmaq, dövləti gözdən salmaq kimi xəyanətkar yol bu birgə təmasların, fəaliyyətin ana xəttini təşkil edib. Gah boyunlarına narıncı şarf bağlayıb, gah Avropa Birliyinin bayrağı ilə mitinqlərə çıxan bu partiyalar ancaq və ancaq Azərbaycana qarşı olan dairələrin maşası olublar. Yoxsa, xarici dairələr bu partiyalara niyə pul ayırsın ki?! Harada görünüb ki, dövlətin milli maraqlarına xidmət edən, xəyanət yolunda olmayan siyasi çevrələrə Qərbin imici bəlli təşkilatları pul ayırsın? Avropa Birliyinin Bakı ofisinin AXCP və Müsavatla görüşlərinin yeni təxribat planlarına hesablandığının əksini sübut edən fakt varmı?
Ümumiləşdirsək, 90-cı illərin əvvəllərində milli qüvvələr adı altında siyasi meydana atılan bu iki partiyanın fəaliyyətinin Azərbaycan xalqının maraqlarına dəxli olmayıb. Xarici dairələrin mənafelərinə aidiyyatı olub. 1992-ci ildə siyasi hakimiyyətə 8 dövlətin dəstəyi ilə gəldiklərinin 1993-cü ilin xaoslu günlərində hədələyici tonla etirafları kimlərlə işlədiklərinin aydın sübutu idi. Doğrudur, aldıqları xarici dəstək hakimiyyət ömürlərini uzun saxlamağa yetmədi, amma müxalifətdə davam etmək üçün yenə o qapılar döyüldü; xarici qüvvələrin maddi köməyi, siyasi tapşırıqları ilə mövcud hakimiyyətin radikal müxalifəti rolunda möhkəmləndilər.
Nə yazıqlar ki, Azərbaycan dövlətinin içərisindən də bu partiyalara dəstək verənlər tapıldı və iqtidarda olduqları bir il ərzində ölkəni vətəndaş qarşıdurmasına sürükləyən, xaosla çökdürən “idarəçilər” çox keçmədi müxalifətin “elitası”na çevrildilər. Artıq parlament seçkilərində mandata da sahib olurdular. Üstəlik, komfort qərargahlar, xarici maşınlar, cangüdənlər və s. onların heç bir yerdə çalışmaya-çalışmaya bu gücü hardan aldıqları sualının cavabını xarici mənbələrdə axtaranlar olsa da, o vaxt Prezident Aparatının (PA) rəhbəri Ramiz Mehdiyev heç kimin ağlına gəlmirdi. 2000-ci ilin əvvəllərində bu sirr açılmağa başladı. Dedi-qodular açıq mətbuat müstəvisinə gəldi. Ramiz Mehdiyev müxalifəti əlində nəyə görə belə qayğı ilə saxlayırdı? Dövlətə sədaqətinə görəmi? Deyil! Mərkəzi ünvanlarda keçirilməsinin davası aparılan siyasi aksiyalar, sonrakı illərdə rəngli inqilablara bənzəyən rəngli böyük aksiyalar üçün xaricdən daxil olan vəsaitlərdən PA rəhbəri məlumatlı olmaya bilməzdi. Amma bu proseslər var idi. Müxalifətin arxasındakı güc sirri açıldığında, Ramiz Mehdiyev xəyanətini ört-basdır etməyə çalışırdı.
Cidanı isə cuvalda gizlətmək mümkün olmadı, zamanla aparılan müşahidələr kimin doğru, kimin yalan dediyini gün işığına çıxardı.
Gəlin baxaq: 2019-cu ildə Ramiz Mehdiyev PA rəhbəri vəzifəsindən uzaqlaşdırıldıqdan sonra AXCP və Müsavat suyu quruyan bulağa döndü. 2019-cu ildən bu günə qədər mitinqlər yoxdur. Çünki nə pul var, nə gizli siyasi dəstək. Daha əməkdaşlıq təşkilatları da göbələk kimi artmadı. Hansı ki gündə bir adla ortaya çıxan əməkdaşlıq formatları da müxalifətin boyunu böyük göstərmək üçün idi. Müxalifət Ramiz Mehdiyevə təzyiq vasitəsi kimi lazım idi. AXCP və Müsavat ona görə müxalif “elita” kimi şişirdilmişdi ki, bu qüvvələrin hakimiyyəti ələ keçirə bilməsi mesajı ictimai hafizədə möhkəmlənsin! Lazım gəldiyində onların vasitəsilə hakimiyyəti içəridən gərginliyə salsın! Lazım gəldiyində dövləti sarsıtsın! Özünü birinci şəxs mövqeyinə yüksəltsin, yaxud maraqlara cavab verən başqa bir personanı birinciliyə hazırlasın. Bu açıqca oturduğun kresloya, sənə etimad göstərənə xəyanət demək idi.
Bu gün nə baş verir? Ramiz Mehdiyevin dövlət çevrilişinə cəhdlə bağlı üzə çıxan planlarında onun “siyasi balaları”-AXCP və Müsavatın da rol alması versiyaları səslənir və ağla dərhal bu cümlə gəlir: mümkündür!
Dövlət orqanlarının milli təhlükəsizliyi təmin etmək məqsədilə bu xəyanətkar əlaqələri diqqət mərkəzində saxlaması və hüquqi qiymətləndirmə aparması zəruridir.
AXCP və Müsavatın daxildə, eyni zamanda xaricdə qurduğu əlaqələrin mayasında dövlətin konstitusiya prinsiplərinə və müstəqilliyinə təhdid dayanıb. Ona görə də bu təşkilatların fəaliyyətinə xitam verilməsi məsələsi qanun çərçivəsində öz həllini tapmalıdır. İllərdir xarici qüvvələr tərəfindən maliyyələşən və idarə olunan siyasi təşkilatlar dövlətin daxili işlərinə müdaxiləni təşviq edir, milli dəyərləri, ictimai sabitliyi və xalqın birliyini hədəf alır, xarici maraqların yerli icraçılarına çevrilərək milli təhlükəsizliyə birbaşa təhdid törədirlərsə, dövlətin müdaxiləsi qaçılmazdır. Bu təkcə Azərbaycanda deyil, dünyanın ən inkişaf etmiş demokratik dövlətlərində də tətbiq olunan praktikadır. Zaman-zaman ABŞ, Fransa, Türkiyə, Rusiya və başqa ölkələrdə xaricdən maliyyələşən və milli maraqlara zidd fəaliyyət göstərən siyasi təşkilatların məhdudlaşdırılması prosesi baş verib. Bundan başqa, Ukraynada 11 partiya bağlanıb, qonşu Gürcüstanda 3 partiyanın bağlanması məsələsi müzakirə olunur.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə, hər hansı bir partiyanın fəaliyyəti dövlətin müstəqilliyini, ərazi bütövlüyünü və konstitusiya quruluşunu pozmağa yönəlirsə, yaxud xarici maliyyə mənbələrindən qanunsuz şəkildə asılı vəziyyətə düşürsə, həmin partiyanın fəaliyyəti dayandırıla və ya ləğv oluna bilər. Bu, heç də demokratik dəyərlərin məhdudlaşdırılması deyil. Demokratiya o zaman dayanıqlı olur ki, milli maraqlar və dövlət təhlükəsizliyi onun təməl prinsipləri ilə uzlaşır. Azadlıq heç vaxt milli suverenliyə zərbə vurmaq üçün bəhanəyə çevrilməməlidir. Dövlət oyuncaq deyil. Dövləti qurmaq, idarə etmək, ayaqda saxlamaq hər siyasi iddiası olan qüvvələrin işi deyil. Dövlət dövlətçiliyi bilən, dövlətini sevən və onu yadların marağına satmayan liderlərin səriştəsi, bacarığı, cəsarəti, müdrikliyi ilə qurulur və qorunur!
Elman BABAYEV