“Əgər qəbula düşə bilməsək...” “Əgər qəbula düşə bilməsək...”

Narazı valideynlər meriyanın qarşısına toplaşacaq

“Əgər qəbula düşə bilməsək...”


Bakının Xətai rayonu Məhəmməd Hadi küçəsində yerləşən 236 saylı bağçanın təmirə bağlanmasından narazı valideynlərin müraciətinə Bakı Şəhər İcra Hakimiyyətində müsbət cavab verilməyib. Valideynlərin AzNews.az-a verdiyi məlumata görə Bakı meriyasına müraciətə cavab onları razı salmayıb: "Bizə bildirdilər ki, bağçada təmir işləri 1,5 ay davam edəcək. Digər bağçalarda yer olmadığından bu müddət ərzində biz uşaqlarımızı özümüzlə aparıb gətirməliyik. İşləyən xanımlar üçün bu mümkün deyil".

Valideynlər uşaqların digər bağçalarda yerləşdirilməsinə tələblərinə də müsbət cavab almayıblar: "Bağçalarda yer olmadığını bildirirlər. Əsaslı təmirin 2 aydan da az müddətə başa çatacağı da inandırıcı görünmür. Maraqlanmışıq, rayon ərazisində təmirə bağlanan bir bağçada təmir 7 aydır ki, davam edir".

Valideynlər çıxış yolunu Bakı meri Hacıbala Abutalıbovla görüşməkdə görürlər: "Merin qəbuluna yazılacağıq. Bəlkə problemimizi Hacıbala Abutalıbov özü həll etdi. Əgər qəbula düşə bilməsək meriyanın qarşısında onu gözləməkdən başqa yol qalmayacaq".

Elnarə Əlosmanqızı
AzNews.az