Bütövlük iradəsinin açıq ifadəsi - Deputat yazır

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü xalqımızın tarixi yaddaşında milli birliyin, vəhdətin və ümummilli məsuliyyətin rəmzi kimi xüsusi yer tutur. Bu əlamətdar günün əsası Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclasında qoyulmuş və 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunması barədə tarixi qərar qəbul edilmişdir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü azərbaycanlıların harada yaşamasından asılı olmayaraq eyni kökdən, eyni tarixdən və eyni taledən gəldiklərini bütün dünyaya bəyan edən güclü ideoloji platformadır. Sovet imperiyasının süqutu ərəfəsində Araz çayının hər iki sahilində baş verən tarixi yürüşlər, sərhəd dirəklərinin sökülməsi xalqımızın parçalanmaya yox, birliyə məhkum olduğunu nümayiş etdirmişdir. Bu, azərbaycanlıların milli özünüdərk və bütövlük iradəsinin açıq ifadəsi idi.
Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının həmrəyliyinin ideoloqu kimi bu birliyi sistemli dövlət siyasətinə çevirmiş, xaricdə yaşayan soydaşlarımızın təşkilatlanmasını daim diqqət mərkəzində saxlamışdır. Onun “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” sözləri hər bir azərbaycanlı üçün milli qürur manifestinə çevrilmişdir.
Bu möhtəşəm siyasi xətt bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının xarici səfərləri zamanı diaspor nümayəndələri ilə mütəmadi görüşləri, onların problem və təkliflərinə göstərilən diqqət, diaspor quruculuğunun dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini təsdiqləyir. Xaricdə yaşayan hər bir azərbaycanlının hüquq və mənafelərinin qorunması Azərbaycan dövlətinin ali vəzifəsi kimi müəyyən edilmişdir.
Bu prosesdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti xüsusi qeyd olunmalıdır. Onun humanitar, mədəni və sosial layihələri dünya miqyasında Azərbaycan həqiqətlərinin, milli-mənəvi dəyərlərimizin təbliğinə mühüm töhfələr verir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən beynəlxalq humanitar təşəbbüslər, mədəniyyətlərarası dialoqa xidmət edən proqramlar Azərbaycanı sülh, əməkdaşlıq və humanizm məkanı kimi tanıdır, dünya azərbaycanlıları arasında mənəvi bağları daha da möhkəmləndirir.
Vətən müharibəsi isə həm ölkə daxilində, həm də dünyanın müxtəlif guşələrində yaşayan azərbaycanlıların misilsiz milli həmrəyliyini nümayiş etdirdi. Diaspor təşkilatlarımızın fəallığı, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində göstərdikləri qətiyyətli mövqe tarixi Zəfərimizin ayrılmaz tərkib hissəsi oldu. “Dəmir yumruq” bu gün milli birliyimizin və sarsılmaz iradəmizin rəmzinə çevrilmişdir.
2022-ci ildə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı - Zəfər Qurultayı milli həmrəyliyimizin yeni mərhələsinin başlanğıcı oldu. Azad Qarabağda, azad Şuşada toplaşan dünya azərbaycanlıları bir daha sübut etdilər ki, müstəqil Azərbaycan bütün dünya azərbaycanlıları üçün güclü cazibə mərkəzidir.
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü milli birliyə, Vətənə sədaqətə, milli-mənəvi dəyərlərimizə hörmətə çağırışdır. Əminəm ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı bu müqəddəs günü qürurla qeyd edir, müstəqil və qalib Azərbaycan dövləti ilə fəxr edir.
Dünya azərbaycanlılarını bu əlamətdar gün münasibətilə səmimi-qəlbdən təbrik edir, xalqımıza birlik, dövlətimizə davamlı inkişaf və əbədi Zəfərlər arzulayıram.

Fatma Yıldırım