İranın parçalanması ssenarisi: İkidən çox dövlətin meydana çıxması real deyil

Yanvarın 16-da “The Wall Street Journal”da “parçalanmış İran elə də pis olmaya bilər” başlıqlı məqalə yayımlanıb. Məqələdə vurğulanır ki, hazırkı İranın sərhədləri süni xarakter daşıyır və onun parçalanması Rusiya, Çin və digərlərinin maraqlarını puça çıxarardı. Məqalədə həmçinin İranın hazırkı etnik mənzərəsinə istinad edən xəritə də yer alıb.

Dəfələrlə qeyd etdiyim ki, biz İranda baş verən hadisələri soyuqbaşla təhlil etməli, ən müxtəlif ssenarilərə hazır olmalı və hadisələrin bir-birinə zidd mümkün inkişaf modellərinə rasional, praqmatik, amma sonsuzadək milli mövqedən yanaşmalıyıq. Xüsusi ilə onu nəzərə almalıyıq ki, İranda baş verəcək rejim dəyişikliyi və onun bütün mümkün nəticələri geopolitik səciyyə daşıyır.

İstər tarixi dinamik, istərsə də geopolitik şərtlər çərçivəsindən baxdığımızda İran Yaxın və Orta Şərqin qalan bütün ölkələrindən fərqli spesifikaya malikdir. Bu spesifik xüsusiyyətlərdən ən mühümü odur ki, İran nə bir çox ərəb ölkələri kimi birmənalı olaraq SSRİ-nin, nə də ABŞ-ın kontrolunda olub. İran xalqlarının tarixi yaddaşında Rusiya ilə savaşlar dərin iz buraxdığı kimi, Pəhləvilərin ABŞ tərəfindən dəstəklənməsinin yaratdığı travmalar da unudulmayıb. Odur ki, İranın aqibətini heç bir geopolitik güc tam müəyyən edə bilməyəcəyi kimi, daxili qüvvələrin planları da beynəlxalq dəstək almadan reallaşa bilməz.

İranda monarxiya- istər Pəhləvilər, Qacarlar, Səfəvilər sülalələrindən hər hansı birini- bərpa etmək mümkün görünmür. Teokratik rejimdən imtina etmiş respublika kimi davam etmək üçün isə İranın həddən artıq çox sayda problemləri, ilk növbədə millətlər problemi var. Fars hegemonluğuna əsaslanan bir əsrlik siyasət İranın digər xalqlarını müstəmləkə halına gətirib. Müstəmləkəçilik siyasətinin qurbanı olan xalqların isə bərabərlik və azadlıq tələb etmələri, öz milli müqəddəratını sərbəst şəkildə müəyyənləşdirməyə can atmaları bir zərurətdir. Əgər İranın keçid hökuməti bu prosesi boğmağa çalışacaqsa, proseslər istər-istəməz silahlı münaqişələrə çevriləcək, xaos yaranacaq. Əgər dinc və rasional bir siyasət izlənəcəksə, o zaman İranın parçalanması heç bir tərəf üçün təhlükəli ssenari olmayacaq. Odur ki, bütün variantlarda post-teokratik İranın aqibətinə İran xalqları özləri, bərabər hüquqla və sərbəst şəkildə qərar verməlidirlər.

İndi elə çağdır ki, heç bir cəmiyyət boyunduruq altında yaşamaq istəmir. Odur ki, perspektivdə nə farslar azərbaycanlıların, nə də azərbaycanlılar farsların tabeliyində yaşamaq istəyəcək. Eyni zamanda, İranın bu iki əsas etnosu üçün hegomonluq iddiasının sıradan çıxması bölgənin digər və daha azsaylı xalqlarına münasibətdə də demokratikləşmə vəd edir. İran çoxmillətli cəmiyyətdir və bu cəmiyyətdə hər kəsin öz dövləti olacaq deyil. Digər azsaylı xalqlar dinc və kontrollu parçalanma şəraitində öz müqəddəratlarını ya farslar, ya da azərbaycanlılarla birgə təyin edə bilərlər. Bu isə öz növbəsində BMT nizamnaməsində əks olunan sözügedən prinsipə tam uyğundur.

Elə bu səbəbdən də Güney Azərbaycandan danışarkən bir neçə şərti mütləq nəzərə almalıyıq.

Əvvəla, başa düşməliyik ki, Güney Azərbaycan dövlətləşdiyi təqdirdə, monoetnik bir məkan olmayacaq. Bu bizim tariximizə və xalqımızın yaşam sisteminə zidd deyil. Hazırda Azərbaycan Respublikası multikultural dəyərləri önə çıxardığı üçün bütün dünyaya nümunədir. Bu təcrübəni güneyli soydaşlarımızın da paylaşmasında heç bir qəbahət olmayacaq.

İkincisi, Güney Azərbaycan hazırda İranın məkrli bir şəkildə iki ostana böldüyü ərazilərdən ibarət deyil. Güneyli soydaşlarımız İrandakı keçid hökumətindən bu ostanların həm birləşdirilməsini, həm də sərhədlərinin bərpasını tələb etməyə haqlıdırlar.

Üçüncüsü, Güney Azərbaycanın coğrafi hüdudlardan kənarda qalan, lakin mədəni arealına daxil olan Xəzərətrafı zolaqda məskunlaşmış xalqların azərbaycanlılarla birgə yaşamaq haqqına və istəyinə Tehran tərəfindən sayğı ilə yanaşılması təmin edilməlidir. Bu, Güney Azərbaycanın Türkmənistan vasitəsi ilə Orta Asiyaya çıxışını təmin edəcəyi üçün prinsipial strateji hədəflərdən biri olmalıdır.

Nəhayət, İranın istər kontrollu, istərsə də kontrolsuz parçalanması ssenarilərində kürd faktoru üzə çıxır. İran kürdləri uzun illərdir ki, həm Azərbaycana, həm də Türkiyəyə Tehran tərəfindən təhdid kimi göstərilir. Sözün açığı, fars şovinistləri və Rusiya bu kartdan yeni dövrdə də istifadə edə bilərlər.

Odur ki, İrandakı kürd amili barədə də açıq danışmalıyıq.

Bir çox İranşünaslar təsdiq edir ki, əşirətlər halında yaşayan kürdlərin siyasi və silahlı mübarizə təcrübəsi, mobil diaspora quruluşları var. Onlar mövcud İran rejiminə qarşı dəfələrlə geniş miqyaslı protestlərə qatılıblar. İrana qonşu olan İraqda kürd muxtariyyəti mövcuddur və sözügedən subyektdə əsas söz sahibi Bərzani klanıdır. Bərzani ailəsi İraqa Cənubi Azərbaycandan köçüb və 1946-ci ildə mövcud olmuş Mahabad Kürd Cümhuriyyətinə bağlı bir şəcərəyə sahibdirlər.

Mahabad Cümhuriyyəti kvazi bir təsisat olmaqla Moskva tərəfindən qurulmuşdu. Sovet qoşunları Cənubi Azərbaycanı tərk etdikdən dərhal sonra ləğv edildi, lideri Qazı Məhəmməd isə edam olundu. “Mahabad Cümhuriyyəti” heç bir real dövlətçilik şüuruna xitab etmirdi. SSRİ tərəfindən süni şəkildə yaradılmasının yeganə məqsədi Güney Azərbaycan Milli Hökuməti ilə Türkiyənin birbaşa sərhədə malik olmasının qarşısını almaq idi. Rus imperiyası necə ki Türkiyə və Azərbaycan arasında bufer zona kimi Ermənistan yaradıb, eyni məqsədlə Güney Azərbaycanla Türkiyə arasında Kürdüstan qurmuşdu.

Güney Azərbaycanın Türkiyə ilə sərhədə malik olmaması üçün süni bufer zona yaratmaq farslar və ruslar xaric hazırda heç kimin marağında ola bilməz. ABŞ və İsrail kimi rasional və praqmatik dövlətlər bu absurd layihə üçün Türkiyə, Azərbaycan və Güney Azərbaycan respublikalarını qarşısına almaq istəməzlər. Ən azından onu nəzərə almağa məcburdurlar ki, Türkiyə ilə sərhəd zolağında kürdlərlə azərbaycanlılar iç-içə yaşayır, orada etnik əsaslı bölgü aparmaq yeni münaqişə ocağının yaranması deməkdir. Bu ehtimal kürd xalqına fayda verməz, uzaqbaşı PKK-nın işinə yarayar. Güney Azərbaycan kökənli mühacirlərin dediyinə görə, PKK zehniyyətinin Urmiya sahillərinə sızması həmin bölgədə yaşayan soydaşlarımızı da, kürdləri də narahat edir. Bütün bunları nəzərə aldıqda, qətiyyətlə demək olar ki, “Mahabad Respublikası” birdəfəlik tarixin dibinə gömülmüş sovet planıdır, gələcək modeli deyil. Onu yenidən gündəmə gətirməyə cəhd edənlər 1946-cı ildəki şəraitə, boşluğa və fürsətlərə malik deyillər və illüziya qurmaqdan uzağa gedə bilməzlər.

Reallığın təhlili isə bizə bir neçə nəticə təqdim edir:

- İranın mümkün post-teokratik gələcəyi geopolitik və etno-siyasi reallıqlar üzərində formalaşacaq.

- İranın parçalanması ssenarisində əsas determinant kürd faktoru yox, Azərbaycan-Fars balansının necə tənzimlənəcəyidir. Bu balans qurulduğu halda, kürd məsələsi sırf vətəndaşlıq hüquqları müstəvisində həll olunacaq, bütün hallarda Güney Azərbaycan və Türkiyə arasında heç bir bufer zona olmayacaq.

- ABŞ və İsrail kimi xarici aktorlar üçün prioritet İranın bütövlüyü və ya parçalanması yox, parçalanma nəticəsində ortaya çıxacaq strukturların idarəolunan və sabit olmasıdır.

- Güney Azərbaycanın dövlətləşməsi monoetnik separatizm yox, tarixi-mədəni legitimliyə əsaslanan çoxmillətli model üzərində mümkündür və bu model bölgədə yeni etnik müharibələr deyil, siyasi inteqrasiya yarada bilər.

- Güney Azərbaycanın dövlətləşməsi üçün əsas şərt silahlı qarşıdurmalara sürüklənmədən, “seperatizm” hərəkatı təsiri bağışlamadan, keçid dövründə vahid milli-siyasi iradənin formalaşdırılması və bu iradənin beynəlxalq hüquqa söykənən, mərhələli və legitim yol xəritəsi təqdim etməsidir.

Taleh ŞAHSUVARLI