“Məktəblərdə telefon məhdudiyyəti qaçılmazdır” – Elçin Süleymanov

"Mobil telefonların məhdudlaşdırılması son illər dünyanın bir çox ölkəsində tətbiq olunur. Avropanın bir sıra inkişaf etmiş dövlətlərində bu addımın tədris prosesini pozması və şagirdlərdə diqqət dağınıqlığı yaratması əsas gətirilərək, Məktəblərin İdarəetmə Şurasının və ya Valideyn Komitəsinin qərarı ilə məhdudiyyətlər tətbiq edilir. Bəzi ölkələrdə məktəblərin giriş hissəsində xüsusi dolablar yerləşdirilir. Hər şagird şəxsi əşyasını həmin dolaba qoyaraq kilidləyir. Digər hallarda isə telefonlar dərs başlayarkən toplanır, dərs bitdikdən sonra yenidən şagirdlərə qaytarılır. Bu qaydalar məktəbin daxili nizam-intizam qaydalarına daxil edilərək icra olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.

Qeyd edək ki, Gürcüstan məktəblərində müəllimlərin dərs zamanı mobil telefonlardan istifadəsi məhdudlaşdırılır. Tədris prosesində diqqətin yayınmasının qarşısını almağı hədəfləyən bu qərar cəmiyyətdə və təhsil mütəxəssisləri arasında geniş müzakirələrə səbəb olub. Xüsusilə rəqəmsal texnologiyaların gündəlik həyatın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə bu cür məhdudiyyətlərin nə dərəcədə effektiv olması suallar doğurur.

Ekspert qeyd edib ki, mobil telefonların dərs prosesini pozması və şagirdlərin diqqətinin azalmasına səbəb olması ilə bağlı mənfi təsirlər günbəgün artmaqdadır.

"Təbii ki, bu məsələdə valideynlərin də müəyyən narahatlıqları olur. Onlar övladları ilə əlaqə saxlamaq imkanının itirilməsindən ehtiyat edirlər. Bunun üçün alternativ mexanizmlər tətbiq oluna bilər. Məsələn, smartfonlar əvəzinə internetə çıxışı olmayan, yalnız zəng və əlaqə məqsədilə istifadə edilən sadə mobil telefonlardan yararlanmaq mümkündür. Tədris prosesində texnologiyadan istifadə isə əsasən interaktiv lövhələr və məktəbin təmin etdiyi rəqəmsal vasitələr üzərindən həyata keçirilə bilər. Şagirdlər bu texnologiyalardan ev şəraitində istifadə edə, dərs vaxtı isə telefon məhdudiyyəti tətbiq olunaraq məsuliyyət formalaşdırıla bilər. Bu yanaşmanın təhsil baxımından daha faydalı olacağı düşünülür".

Rəfiqə Namazəliyeva,

AzNews.az