- İntellektual baxış
- 4 Yanvar 17:28
- 9 950
Maduronun həbsi: Rusiyayönümlü rejimin çöküşü və ABŞ-ın yenidən birinciliyi
2020-ci ilin martında ABŞ-ın Nyu-York Cənub Dairə Federal Məhkəməsi Maduro və bir neçə yüksək səviyyəli Venesuela rəsmisi ilə bağlı narkotik ticarəti və “narko-terrorizm” ittihamları irəli sürmüşdü. Bu ittiham aktı öncə qapalı idi, yəni ictimaiyyət üçün açıqlanmamışdı. Akt mətbuata elan olunduqdan sonra bəlli oldu ki, Maduro da daxil olmaqla bir neçə yüksək səviyyəli Venesuela rəsmisinin adı məhkəmə sənədlərində yer alır. Hüquqi baxımdan bu sənədlər yalnız ABŞ-ın daxili hüququ çərçivəsində qüvvəyə malikdir və başqa bir dövlətin başçısının həbsinə beynəlxalq sanksiya yaratmır.
ABŞ faktiki olaraq Maduronu həbs edib və onu Nyu-Yorka gətirərək təcridxanaya salıb. Bu, beynəlxalq hüquq baxımından olduqca mübahisəli və nadir örnəkdir. Beynəlxalq hüquqa görə, vəzifədə olan dövlət başçıları toxunulmazdır, hərçənd bu toxunulmazlıq yalnız rəsmi vəzifə fəaliyyətləri ilə bağlı hallara şamil olunur. ABŞ isə Maduronun həbsini “toxunulmazlıq istisnası” prinsipi ilə izah etməyə çalışır. Ağ ev sözçüləri iddia edirlər ki, narkotik ticarəti və transmilli cinayətlər rəsmi dövlət fəaliyyətlərinə daxil deyil. Bu arqument BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin “Arrest Warrant Case” (DRC v. Belgium, 2002) qərarına söykənir. Amma burada əsas problem odur ki, Maduro fəaliyyətdə olan prezident idi və ABŞ tanımasa belə, beynəlxalq konsensus onun toxunulmazlığını qəbul edirdi.
1989-1990-cı illərdə Panamanın sabiq prezidenti Manuel Norieqa ABŞ tərəfindən hakimiyyətdən uzaqlaşdırılmış və narkotik ticarəti ilə bağlı ittiham edilərək ABŞ-da məhkəməyə çıxarılmışdı. Bu nümunə hazırda Maduro işi ilə müqayisə edilir. Lakin Maduro hələ də aktiv prezident olduğundan vəziyyət daha mürəkkəbdir. Bütün hallarda bir neçə ay sonra “Maduro işi” onun özü və ailə üzvləri istisna olmaqla, çoxları üçün ciddi həyəcan yaratmaya, beynəlxalq hüquq isə ABŞ-ın səyləri ilə yeni normalar qazana bilər.
Məsələyə geosiyasi baxımdan yanaşsaq, Maduronun həbsinin hədəfi heç də və yaxud yalnız hüquqi deyil. Açıq desək, ABŞ qitədəki Rusiyameyilli hakimiyyətlərin təsirini zəiflətmək və regional liderliyini gücləndirmək niyyətindədir. Rusiya uzun illərdir Maduro hökuməti ilə siyasi, hərbi və enerji sahəsində sıx əməkdaşlıq qurmuşdu. ABŞ tərəfindən Maduronun nəzarət altına alınması Venesuelada ABŞ-ın “dost rejim” qurmasına imkan verir və bu, Rusiyanın regional təsirini əhəmiyyətli dərəcədə azaldır.
Rusiya Venesueladakı təsirini iqtisadi, siyasi və hərbi kanallarla qurmuşdu. Enerji sahəsində Rosneft və digər şirkətlər vasitəsilə böyük sərmayələr qoymuş, Maduro hökumətinə milyardlarla dollar kredit və maliyyə yardımı göstərərək ölkəni Rusiyadan asılı vəziyyətə gətirmişdi. Siyasi baxımdan Rusiya Maduro rejimini beynəlxalq səviyyədə müdafiə edir, o da bu dəstəyə güvənərək ABŞ və Qərb ölkələrinin sanksiyalarına qarşı çıxırdı. Hərbi sahədə isə Moskva zirehli texnika, HHM və radar sistemləri, pilotsuz uçuş aparatları və təlimçilər göndərərək Karib dənizi və Atlantik sahilində strateji mövqeyini gücləndirmişdi.
Lakin bu təsir hazırda sürətlə zəifləyir. ABŞ tərəfindən Maduronun nəzarət altına alınması Rusiyanın siyasi və strateji mövqeyini sarsıdır. ABŞ və müttəfiqlərinin sanksiyaları, Venesueladakı iqtisadi böhran və Rusiya maliyyə resurslarının məhdudluğu Moskvanın təsirini daha da zəiflədir. Hərbi baxımdan isə ABŞ-ın kəşfiyyat və hərbi imkanları Rusiyanın mövqelərinə təzyiq göstərir, ABŞ-ın müttəfiqləri regionda daha aktiv siyasət yürüdür. Bu da Moskvanın hərbi-strateji manevr imkanlarını azaldır.
Beləliklə, Rusiya uzun illər ərzində qurduğu təsir mexanizmlərini itirir. Enerji, maliyyə dəstəyi, siyasi dəstək və hərbi texnologiya vasitəsilə formalaşdırılmış bu nüfuz indi ABŞ-ın regional siyasəti və Maduronun həbs olunması fonunda sürətlə sıradan çıxır.
Taleh ŞAHSUVARLI,
AzNews.az analitik-informasiya portalının Baş redaktoru