- Rusiya və İran
- 21:25
- 2 903
Pezeşkian Xəmneyidən "liderimiz" deyə bəhs etdi, sui-qəsd ehtimalını pislədi - SON ANDA
ABŞ Prezidenti Donald Trampın “İranda yeni lider axtarışının zamanı gəlib” açıqlamasından sonra İranın ali dini lideri Ayətullah Əli Xameneiyə qarşı mümkün sui-qəsd iddiaları yenidən gündəmə gəlib. Rəsmi Tehran isə Vaşinqtonu belə bir addımın ağır nəticələrə səbəb olacağı barədə açıq şəkildə xəbərdar edib.
İran Prezidenti Məsud Pezeşkiyan mövzu ilə bağlı X sosial şəbəkəsində paylaşdığı açıqlamada ABŞ-ni sərt tənqid edib. O bildirib ki, İran xalqının üzləşdiyi sosial-iqtisadi çətinliklərin kökündə məhz Vaşinqtonun siyasəti dayanır:
“İran xalqının həyatında çətinlik və ya dolanışıq problemi varsa, bunun əsas səbəblərindən biri ABŞ və onun müttəfiqlərinin uzun illərdir davam edən düşmənçiliyi və insanlıqdan kənar sanksiyalarıdır.”
Pezeşkiyan ali liderə qarşı istənilən hücumun ölkə üçün fəlakətli nəticələr doğuracağını xüsusi vurğulayıb:
“Liderimizə yönələn hər hansı hücum İran xalqına qarşı topyekün müharibə anlamına gəlir.”
Qeyd edək ki, Ayətullah Əli Xamenei də bir gün əvvəl Tehranda etdiyi çıxışda mövcud həssas şəraitdə dövlət rəhbərliyinə qarşı hörmətsiz yanaşmaların yolverilməz olduğunu bildirib. O deyib:
“Belə mühüm bir dövrdə prezidentə və digər məsul şəxslərə qarşı təhqirlərə harada olursa-olsun icazə vermirəm və bunu qadağan edirəm.”
Son açıqlamalar ABŞ–İran münasibətlərində gərginliyin yeni mərhələyə keçə biləcəyini göstərir.
AzNews.az