Qohumunun arvadının yataq otağına girərkən yaxalandı

Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunun yataq otağından qızıl oğurlamaq istəyən Səbuhi Həmidovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hadisə bu ilin martında baş verib. S.Həmidov martın 7-də həbs edilib. O, Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə təqsirləndirilir.

Belə ki, işsiz olan S.Həmidovu qohumu və qonşusu Habil Sultanov evinə qonaq çağırıb. Gecə qohumugildə qalan S.Həmidov içkili halda H.Sultanovun arvadının yataq otağına girib. Otaqdan qızıl götürmək istəyərkən ev sahibinin arvadı Sahibə Mirzəyeva oyanıb.

S.Həmidov Sahibənin ağzını tutaraq səs salarsa, onu və uşaqlarını öldürəcəyini deyib. Bundan sonra Habil Sultanov oyanıb, S.Həmidov qaçaraq evdən çıxıb.

İfadə verən Səbuhi Həmidov ailəli olduğunu və bir övladının olduğunu deyib:

"Daş kariyerində işləyirdim, son vaxtlar işsiz idim. Buna görə də günümün çoxu Habilgildə keçirdi. İşsiz olduğum üçün atamla münasibətlərim yaxşı deyildi. Ehtiyacım olduğu üçün oğurluq etmək istədim. Səhər Habilgildən çıxıb iş axtarmağa getdim. Habil dedi gəlib bizdə qala bilərsən. Həmin gün də iş tapa bilmədim. Yarım litr araq, 100 qram kolbasa və 1 çörək aldım. Yolda yeyib-içdim. Öz evimizə gedirdim, çatana yaxın fikirləşdim ki, atam içdiyimə görə mübahisə edəcək. Həm də anam namaz qılandı, ona görə getmədim. Habilgilə getdim, yatmaq üçün yerimi göstərdilər. Yerimdə nə qədər elədim, yata bilmədim. Borclarımı fikirləşməkdən gözümə yuxu getmirdi. Birdən ağlıma gəldi ki, evdən qızıl oğurlayım. Buna görə gecə saat 1-də yataq otağına girdim. Sonra nə olduğu da bəllidir".

Sahibə Mirzəyeva ifadəsində deyib ki, S.Həmidovu görəndə qışqırmaq istəyib: "Əli ilə ağzımı tutib, sakit olmasam uşaqlarımı öldürəcəyini dedi. Onun əlindən qaçanda qolum qapıya dəydi, səsə yoldaşım oyandı. Onda Səbuhi qaçdı, Habil də onun dalınca çaynik atdı".

S.Həmidovun atası Mirhəmid Həmidov deyib ki, oğlu həmin gecə evə gəlməyib: "Gecəykən Sahibəgil bizə gəlib olanları danışdılar. İnanmadım, səhər saat 8-də Səbuhi gəldi, hər şeyi etiraf etdi. İşsiz olması və borclarıan görə belə etdiyini dedi".

AzNews.az