Bakı Beynəlxalq Mətbuat Mərkəzində Sadıq Zeynaloğlunun “Onları Vətəndən məhrum ediblər” və “Tarixin qan yaddaşı” kitablarının təqdimat mərasimi keçirilib. Bakı Beynəlxalq Mətbuat Mərkəzində Sadıq Zeynaloğlunun “Onları Vətəndən məhrum ediblər” və “Tarixin qan yaddaşı” kitablarının təqdimat mərasimi keçirilib.

"Onları Vətəndən məhrum ediblər" və "Tarixin qan yaddaşı" kitablarının təqdimatı olub - Foto

Bakı Beynəlxalq Mətbuat Mərkəzində Sadıq Zeynaloğlunun “Onları Vətəndən məhrum ediblər” və “Tarixin qan yaddaşı” kitablarının təqdimat mərasimi keçirilib.

AzNews.az xəbər verir ki, Mərasimdə “Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Milli Televiziya və Radio Şurasının üzvü, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyeva, millət vəkili Elmira Axundova, Mətbuat Şurasının sədri Əflatun Amaşov, şair Sabir Rüstəmxanlı, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, “Azəri-Türk” qadınlar birliyinin sədri Tənzilə Rüstəmxanlı, kitabların ideya müəllifi Mehdi Məmmədov, tanınmış elm xadimləri və mətbuat nümayəndələri iştirak edirdi.

Tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə millət vəkili Əflatun Amaşov açaraq gələn qonaqları salamladı və hər iki kitab haqqında qonaqlara ətraflı məlumat verdi. Onun sözlərinə görə, “Tarixin qan yaddaşı” kitabında Naxçıvan Muxtar Respublikasınn Culfa rayonunun Milax, Ərəfsa, Şahbuz rayonunun Keçili kəndlərində 1931-cü ilin fevral-mart aylarında baş verən hadisələr təsvir olunub.

“Birinci kitabda erməniləri xalqımıza qarşı törətdikləri cinayətlərin tarixi kökləri açıq aydın görünür. İkinci kitabda isə erməni neofaşistlərinin törətdikləri cinayətlər əks olunub. Kitablarda çox saylı insanların sürgün edilməsi və öldürülməsindən bəhs edilir. Kitabların ideya müəllifi Qazaxstandan qonaq gələn Mehdi Məmmədov, əsl müəllifi isə Sadıq Zeynalov həyatda yoxdur. Mehdi Məmmədovun babaları represiyanın qurbanı olub. Bu kitabların ərsəyə gəlməsi “Kaspi” Təhsil Mərkəzinin əməyidir. Kitab həmçinin rus və ingilis dillərində də çap olunub. Bizim məqsədimiz bu kitabları həm də xarici ölkələrin kitabxanalarına göndərməkdir. Çünki bu bizim tariximizdir”.

Oçerklərdən ibarət olan “Onları Vətəndən məhrum ediblər” kitabı arxiv materialları əsasında hazırlanıb. Bu kitab bədii xüsusiyyətlərdən daha çox oxucular üçün hələ əlçatmaz olan arxiv materialları əsasında hazırlanıb. Kitabda cibində Kommunist Partiyasının biletini daşıyan NKVD-nin erməni əməkdaşlarının çıxardığı qərarlar əsasında Qazaxıstana sürgün edilən qarabağlıların siyahısı verilib. Kitabdakı adlar, soyadlar və digər məlumatlar arxiv materiallarından götürülüb. Onların yazılışındakı səhvlər ya NKVD-nin əməkdaşlarının savadsızlığından baş verib, ya da qəsdən təhrif edilib.

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, Azərbaycan Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva isə qeyd edib ki, Azərbaycan xalqının tarixindən bəhs edən bu kitab həqiqətləri üzə çıxarıb. Sona Vəliyeva hesab edir ki, repressiya qurbanlarının ailələrindən bəhs edən bu kitab bütövlükdə Azərbaycan xalqının taleyidir: “Bu kitablarda bəhs edilənlər Azərbaycan xalqının başına gətirilən faciələrin, xalqımıza qarşı edilən təcavüzlərin bir hissəsidir. Bu hadisələrə laqeyd qalmaq olmaz. İki gün bundan əvvəl dinc sakinlərin başına gələnlər də bir daha göstərdi ki, bütün bunlar öz mənfur əməllərini həyata keçirən ermənilərin siyasətinin nəticəsidir. Kitabda qeyd edilən ailələrin sürgün edilməsinin arxasında ermənilər durub. Burada kolxoz quruculuğu bir bəhanədir, insanları “kolxoz quruculuğuna mane olur” bəhanəsi ilə sürgün ediblər. Bu 3 kəndin ailələrinin çoxunun başçıları güllələnib, sürgün edilib. Müəllif yazır ki, 93 faiz halda bu hadisələrin birbaşa təşkilatçısı ermənilər idilər. 1993-cü ildə ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə gəldikdən sonra 1996-cı ildə “1920-50-ci illər arası repressiya qurbanı olmuş azərbaycanlıların reabilitasiyası haqqında” haqqında sərəncam imzaladı. Bu sərəncamda sürgündə belə dünyaya gəlmiş uşaqlar repressiya qurbanı hesab edilir. Bu, hələ ki, reabilitasiya haqqında yeganə sənəddir. Bu sərəncamdan sonra arxivlər tam şəkildə xalqımıza xidmət etdi və onların materiallarından istifadə edildi. Qoy, bir də başımıza faciələr gəlməsin. Bunun üçün bizim milli yaddaşımız itməməlidir. Bu cür kitablar bizim milli yaddaşımızın itməməsi üçün çox vacibdir”.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəylinin fikrincə, tariximizin müstəqilliyə gətirən yollarını yenidən öyrənmək, onları təhlil etmək çox əhəmiyyətlidir: Kitablarda Azərbaycanın müxtəlif rayonlarında 1920-ci illərindən sonra baş verən repressiyalar, faciələr öz əksini tapıb. Burada məhkəmə prosesləri, yaddaş materialları var. Bütün bunlar insanlara məlumatları dolğun təqdim etməyə imkan verir. Sovet dövründə uzun müddət “Keçili hadisələri” Keçili banditlərinin hadisəsi kimi təqdim edilirdi. Bunu süni şəkildə belə təqdim edənlər də ermənilər idi. Bu kitabların rus və ingilis dilərində nəşrinə görə "Kaspi" Mətbuat və Təhsil Mərkəzinə təşəkkür edirəm”.

Daha sonra xalq şairi Sabir Rüstəmxanlı, deputatlar Elmira Axundova, Musa Qasımlı çıxışlarında kitabların xarici dillərdə yayılmasının daha lazımlı hesab ediblər. Onlar bu kitabların çap edilməsi və belə layihələrin davamlı həyata keçirilməsinin vacib olduğunu bildiriblər.

Tədbirin sonunda hər iki kitabın ideya müəllifi Mehdi Məmmədova diplom mükafatları təqdim edilib.

Bahar Rüstəmli

AzNews.az