Təbiətə 5100 manat ziyan dəyib - Nazirlik açıqladı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, 3-cü mikrorayon, Hüseynbala Əliyev 22 ünvanında yaşayan bir qrup sakin tərəfindən ağacların kəsilərək yerində tikinti işlərinin aparılması ilə bağlı şikayət daxil olub.

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a bildirilib ki, şikayətçilərin iştirakı ilə yerində araşdırma aparılıb. Əraziyə keçirilən baxış zamanı məlum olub ki, 08.07.2017 tarixli 251 nömrəli sərəncamla Nəsimi rayonu, 3-cü mikrorayon, Cavadxan küçəsində 0,2 hektara yaxın torpaq sahəsi yaşayış binasının tikilməsi məqsədilə “MİD-17” MTK-ya ayrılıb və şirkət yaşıllıq ərazidə özül-qazıntı işlərinə başlayıb.

Araşdırma zamanı ərazidə qanunsuz olaraq müxtəlif diametrli 5 ədəd yaş köküstə ağacın ağır texnika ilə məhv edildiyi və təbiətə 5100 manat məbləğində ziyan dəydiyi aşkarlanıb.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib. Ərazidə bundan sonra yol veriləcək qanunsuzluqların qarşısının alınması məqsədilə aidiyyəti qurumlara müraciət olunub.