Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Məhkəmədə valideynlər polislə mübahisə ediblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

AzNews.az Report-a istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə polis əməkdaşı Əkbər Mahmudov ifadə verib.

"Bizim vəzifəmiz həmin yolda yol-nəqliyyat hadisəsinin qarşısını almaq idi. Axşamdan yolda xarab olan yük dolu maşın da nəzarətdə saxlanılırdı. Axşamdan maşının yanında olmuşuq. Qəza baş verməsinin qarşısını almaq üçün tədbir gördük. Saat 8:00 radələrində növbəni dəyişmək üçün getdik. Qəza da həmin bir neçə dəqiqə ərzində baş verib", - Ə.Mahmudov bildirib.

Daha sonra o, yol qəzasında həlak olmuş tələbələrin valideyinlərinin suallarını cavablandırıb. Polis əməkdaşı dünyasını dəyişən valideynlərə başsağlığı verib. Valideynlər isə başsağlığı verməyin asan olduğunu söyləyiblər.

Polis serjantı isə baş verən qəzadan təəssüfləndiyini və bu hadisəni heç vaxt unutmayacağını qeyd edib.

Valideynlər yol polis əməkdaşlarının yüklə dolu maşını orada qoyaraq getməsinə etiraz ediblər: "Axı növbəti polis əməkdaşları gəlmədən siz niyə oranı tərk etdiniz?"

Ə.Mahmudov isə növbəni təhvil vermək üçün posta getdiyini deyib. Polis əməkdaşı növbəni postda dəyişdiklərini söyləyib.

Məhkəmədə Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinə ünvanlanmış sorğuya verilmiş cavab elan edilib. Mərkəzdən verilən cavabda göstərilib ki, həmin ərazidə kamera olmayıb. Bu cavaba valideynlər etiraz edib.

Məhkəmədə bildirilib ki, qəzanın baş verdiyini göstərən görüntülər nəzarət kamerasından çıxarılıb.

Valideynlər nəzarər kamerasından yük maşınının gecə görüntülərinin çıxarılmasını tələb ediblər.

Məhkəmədə yük maşınının sürücüsü Elvin Şəmistanlı da iştirak edib. O, maşın xarab olduğu üçün gecə yolda saxlayaraq getdiyini deyib. E.Şəmistanlı gecə usta tapa bilmədiyini bildirib.

Digər şahid yol polis əməkdaşı Ramil Allahverdiyev isə ifadəsində bildirib ki, qəza baş verəndən sonra hadisə yerinə gəlib. O, qəzanın baş verdiyini gördükdən sonra ərazidə lazımi tədbirlərin görülməsinə başladıqlarını söyləyib.

Proses iyulun 27-də davam etdiriləcək.

Xatırladaq ki, həmin şahid qəza zamanı tələbələrin olduğu qırmızı rəngli "Ford"la ötüşdüyü deyilən yaşıl rəngli "Ford"un sürücüdü Rauf Seyfullayevdir. Məhkəmə həmin sürücünün məhkəməyə məcburi gətirilməsi ilə bağlı qərar çıxarıb. Hələ ki, onun məhkəməyə gətirilməsi mümkün olmayıb. Əlavə edək ki, qəzadan sonra yayılan videogörüntülərdə qəzaya uğrayan "Ford"un yaşıl rəngli "Ford"la ötüşdüyü və sağ tərəfdən ötmə əməliyyatı etdiyi görünür.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.