“Rasim Balayevi əzməyə ehtiyac yox idi...”

"Mən Rüstəm İbrahimbəyova qarşı götürülən xətti qəti pisləyirəm. Mənim yanımdasan qəhrəmansan, mənim yanımda deyilsənsə xəyanətkar - bu düşüncə qəbulolunmazdır. Qəbul eləmək lazımdı ki, Rüstəm müəllim də, Ziyalılar Forumunda olanlar da fərqli düşünə bilər".

Bunu AzNews.az-a Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə Rüstəm İbrahimbəyova qarşı həyata keçirilən kampaniyaya münasibət bildirərkən deyib. Onun sözlərinə görə, fərqli düşüncəyə görə adamları sındırmaq, əzmək, belə hallara cəhd etmək çox yanlışdır. O qeyd edib ki, bütövlükdə forumda bir araya gələn insanlara yanaşma məqbul deyil: "Rasim Balayevi gözümüzün qarşısında nə hala saldılar? O sınmadı, mən buna inanmıram da, onu sadəcə olaraq zorla əzdilər. Rasim Balayevi əzməyə ehtiyac yox idi və onu əzəndə düşünülməliydilər ki, Azərbaycanın ictimai fikrində olan Nəsimini, Babəki, Beyrəyi əzirsən. Sən belə bir adamı əzirsənsə, sabah kimi vətənpərvər edəcəksən. Dünənə kimi Rasim Balayevin oynadığı rollara baxıb özünü qəhrəman hesab edənlər bu gün artıq "əşi sən daha danışma, sənin də başını əzdilər" deyir. Bunu etmək olmazdı. Bu bir tarixdir və ən yanlış nəticələrimizdəndir".

İ.Ağazadə deyib ki, total düşüncə ilə sevgi yaratmaq mümkün deyil: "Ona görə də hər kəsin fikir və düşüncələrinə hörmət etmək lazımdır. İnsanları ittiham edə biləcək tək bir mənbə var: cinayət məcəlləsi. Yalnız cinayət məcəlləsi kimisə təqsirləndirə bilər, amma onun başında Azərbaycan məhkəmələri dayanırsa, o da ədalətli deyil".

Gültəkin
AzNews.az