Gülər Əhmədova ombudsmanın nümayəndələrinə səhhətindən gileylənib

Ombudsman Elmira Süleymanovanın nümayəndələri Bakı İstintaq Təcridxanasında Gülər Əhmədova ilə görüşüblər. Təcridxananın tibb-sanitar hissəsindəki kamerada keçirilən görüşdə Gülər Əhmədova saxlanma şəraitindən narazılıq etməyib, vəkili ilə maneəsiz və məhdudiyyətsiz görüşünə şərait yaradıldığını deyib, amma səhhətində problemlərin olduğunu vurğulayıb.

Ombudsman Aparatından "Media forum" saytına verilən məlumata görə, tibb-sanitar hissəsinin rəisi Gülər Əhmədovanın səhhətində ciddi problemlərin olmadığını, müayinələrin davam etdirildiyini bildirib.

Gülər Əhmədova psixologiya elmləri namizədi, Bakı Dövlət Universitetinin müəllimidir. 2000-2012-ci illərdə parlamentin deputatı olub. Fevralın 13-də Səbail Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

AzNews.az