Həyətində narkotik əkən şəxslər tutulub

İsmayıllı şəhərində narkotik bitkilərin qanunsuz əkilməsi, saxlanılması və satışı ilə məşğul olan şəxslər saxlanılıb.

APA-nın yerli bürosunun xəbərinə görə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı İsmayıllı şəhər sakinləri, 1983-cü il təvəllüdlü Balakişiyev Eldəniz Murad oğlu və 1992-ci il təvəllüdlü İsmayılov İsmayıl Vaqif oğlu şübhli şəxs qismində saxlanılıb və onların yaşadığı evlərə, həyətyanı sahələrə baxış keçirilib. Əməliyyat zamanı Eldəniz Balakişiyevin həyətyanı sahəsində xüsusi qulluq edilməklə yetişdirilən xeyli sayda çətənə kolları, mənzildən isə çəkisi 1 kiloqram 46 qram qurudulmuş marixuana və 635 qram qurudulmuş çətənə aşkar edilərək götürülüb.

Bundan əlavə polis əməkdaşları İsmayıl İsmayılovun evinə baxış zamanı oradan çəkisi 1 kq 666 qram qurudulmuş marixuana və 535 qram qurudulmuş çətənə aşkar ediblər. İsmayıl İsmayılov qaçıb gizlənsə də polis əməkdaşları onu isti izlərlə taparaq istintaqa təhvil veriblər. Həyətini narkotik plantasiyasına çevirən hər iki şəxs narkotik istifadəçisidir və narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olurlar.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

AzNews.az