Bu gün - 1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür. Bu gün - 1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür.

Əsrin bəlası və cənubun üz qarası - QİÇS!

Bu gün - 1 Dekabr Ümumdünya QİÇS-lə mübarizə günüdür.

Bu günün mahiyyəti dünya ölkələrini problemlə mübarizədə bir araya gətirmək olduğundan mən də üzərimə düşəni yerinə yetirmək istəyirəm. Düzü, hər dəfə bu mövzudan yazanda yaxın-uzaq tərəfindən qınağa tuş gəlirəm. ”Cənubu, xan Lənkəranı rüsvay edirsən” - deyirlər. Yəni ki, cənub bölgəsində narkomaniyanın gətirdiyi fəsadlardan, QİÇS-in belə geniş yayılmasından yazmağımı “cənuba xəyanət” kimi yozurlar. Siz yozumunuzda haqlısınız, mən də yazmağımda. Çünki narkomaniyanın törətdiyi fəsadlarla gündəlik rastlaşıram.

Əvvəllər mərkəzlərin baş bəlası olan narkomaniya, QİÇS bu gün ucqarlarda da tuğyan edir. Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Labaratoriyasının müdiri Rəmiəli İbişovdan aldığım son məlumatlar qandondurucudur. Ucqar dağ rayonu Yardımlıda QİÇS daşıyıcısı olan 14 nəfərin 9-ü qadındır! Və 9 nəfərin hamısı günahsız qurbanlardır - virus həyat yoldaşlarından keçib.

Ümumiyyətlə, ölkəmizdə 5 min 549 QİÇS daşıyıcısının 71,4 % kişilər, yerdə qalanları qadınlardır. Xəstəlik daşıyıcılarının sayına görə Şirvan bölgəsi liderlik edir. İkinci sırada cənub bölgəsidir və indi açıqlayacağım rəqəmlərlə bölgəmizdə bu dəhşətli bəlanın şərhini verməyə çalışacağam.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Labaratoriyasından əldə etdiyim məlumata görə hal-hazırda cənub bölgəsində 1054 QİÇS-ə yoluxmuş xəstə qeydiyyata alınıb. Onlardan 788-i kişi, 266-sı qadınlardır. Lənkəranda 434(338 kişi,96 qadın), Astarada 267(198 kişi,69 qadın), Cəlilabadda 95(68 kişi,27 qadın), Masallıda 226(165 kişi,61 qadın), Lerikdə 18(10 kişi,8 qadın), Yardımlıda 14 (5 kişi,9 qadın) nəfər xəstəlik daşıyıcılarıdır.

Bu ilin 10 ayında cənub bölgəsi üzrə 45 yoluxma faktı qeydə alınıb. Bunun 15-i Lənkəran, 8-i Astara, 9-u Cəlilabad, 11 Masallı, 2 –si Lerik, 1-i Yardımlının payına düşür. QİÇS-dən baş verən ölüm hallarının sayı isə təkcə cənub bölgəsində 100-dən artıq olub.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Lənkəran Regional Labaratoriyasının müdiri Rəmiəli İbişov bildirir ki, yoluxma halları narkoistifadəçilər arasında daha çoxdur. Amma son iki ilin statistikasına görə cinsi yoluxma öndə gedir. Deməli, cənubun kişiləri xarici ölkələrdən ailələrinə təkcə ruzi yox, həm də QİÇS kimi bəla gətirirlər. Cənub bölgəsinin qonşu ölkələrlə tranzit xəttinin üstündə yerləşməsi burada narkoticarətin daha geniş yayılmasına şərait yaradıb. Aparılan mübarizə isə hələ ki, tam səmərə vermir. Çıxış yolu isə bütün cəmiyyətin bu bəşəri bəlaya qarşı elliklə,profilaktik mübarizəsi olmalıdır. Təbliğat işlərinin səmərəliliyi son anda müsbət nəticəyə yol açacaq. Möhkəm ailə tellərinə malik cənub bölgəsində indi ailələr əksərən bu səbəblərdən dağılır. Qız verəndə ilk soruşulan sual ”oğlan narkoman deyil ki?” olur. Bu bəlanı gizlətməklə qazancımız itirdiyimizdən çoxdur.

Düşünmürəm ki, bu yazı ilə mən cənubun "üzünü qaraldıb" adımızı "xar” etmədim. Bu bəladan qazanc güdənlərin xar olması, günahsız qurbanların artmaması üçün bacardığımı etdim. Həm də QİÇS xəstəliyinə yoluxanların sayının daha da artmaması üçün bu il də tənə yükünü boynuma götürdüm. Ağırdır, amma, bu gün QİÇS-lə Ümumdünya Mübarizə Günüdür.

Esmira İsmayılova - Lənkəran

image description