Azərbaycanlıların Yeni il üçün daha çox seçdiyi yer...

Bu il Yeni il bayramı günlərində xaricə getmək istəyən azərbaycanlı turistlər daha çox Gürcüstanda dincələcəklər.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, azərbaycanlı turistlərin Gürcüstana üstünlük verməsinin əsas səbəbi həmin ölkədə xidmət qiymətlərinin daha ucuz olması ilə izah edilə bilməz. Azərbaycanlı turistlərin bu seçimi Gürcüstanın ölkəmizə daha yaxın olması, təyyarə ilə 50 dəqiqəyə, avtomobillə isə 5 saata oraya çatma imkanının olmasıdır:

“Azərbaycan turistlərinin hazırda Gürcüstana böyük tələbatı var. Bu, o demək deyil ki, Azərbaycanda qiymətlər bahadır. Azərbaycandakı hotellərdə yer qalmayıb. Artıq Quba, Qusar və Qəbələdəki hotellərdə Yeni il günləri üçün yerlər demək olar ki, dolub. Azərbaycan vətəndaşları, eləcə də əcnəbi turistlərin bu bölgələrə maraq göstərməsi nəticəsində yerlər demək olar ki, yoxdur”.

N.Bağırov əlavə edib ki, azərbaycanlı turistlər Yeni il günlərini Gürcüstandan başqa Türkiyədə, Avropa ölkələrində və Birləşmiş Ərəb Əmirliyində (Dubay) keçirməyə üstünlük veriblər.

Xatırladaq ki, 2016-cı ildə Gürcüstana 1 523 075 nəfər Azərbaycan vətəndaşı səfər edib. Azərbaycan vətəndaşları bu göstərici ilə Gürcüstana səfər edən xarici ölkə vətəndaşları sırasında birinci yerdədirlər.

AzNews.az