Qafqaz Müsəlmanları İdarəsi Əkrəm Əylisli mövzusuna nöqtə qoyub

"Əkrəm Əylisli ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin münasibəti açıqlanıb. Ona qarşı məhkəmə iddiası qaldırılmayacaq. Yəni məsələnin nöqtəsi qoyulub. Nöqtədən sonra vergül qoyulmur".

Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Modern.az-a belə deyib. O bildirib ki, bir müddət əvvəl Qafqaz Müsəlmanları İdarəsi Əkrəm Əylislinin "Daş yuxular" adlı əsəri ilə bağlı bəyanat yaydı. Odur ki, Əkrəm Əylislinin məhkəməyə verilməsi gündəmdə deyil:

Qeyd edək ki, bir müddət öncə Əkrəm Əylislinin qalmaqal yaradan əsəri "Daş yuxular" barədə Qafqaz Müsəlmanları İdarəsi bəyanat yaymışdı. Bəyanatda bildirilir ki, "Azərbaycan dindarları Əkrəm Əylislinin üzdəniraq "Daş yuxular" əsərini birmənalı olaraq xalqımızın heysiyyətinə toxunan, ülvi dəyərlərinə təhqir kimi dəyərləndirirdi". Bundan başqa, sənəddə qeyd olunurdu ki, "müsəlman kəndi Əylisi ermənilərin Məkkəsi adlandıran, azərbaycanlıları, müsəlmanları erməni kilsəsinə ibadətə çağıran Əkrəm Naibovun ağır mənəvi durumda olması, islamafobiyaya mübtəla olması və ermənipərəstliyi şübhə doğurmur".

Oxşar dəyərləndirmə 2007-ci ildə yazar Rafiq Tağı və "Sənət qəzeti"nin baş redaktoru Samir Sədaqətoğluya qarşı da səslənmişdi. O zaman paytaxtın Nəsimi Rayon Məhkəməsində R. Tağı və S. Sədaqətoğlu haqda Cinayət Məcəlləsinin 283-cü (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə müvafiq olaraq üç və dörd il azadlıqdan məhrum edilmə cəzası çıxarılmışdı.

AzNews.az