Misir Mərdanov müəllim və direktorlarla görüşdü

Bu gün Təhsil Nazirliyində "Ən yaxşı müəllim" müsabiqəsinin növbəti mərhələsində iştirak etmək hüququ qazanmış müəllimlərin bir qrupu və sınaq dərslərinin təşkil edildiyi məktəblərin direktorları ilə görüş keçirilib.

APA-nın xəbərinə görə, görüşdə təhsil naziri "Ən yaxşı müəllim" müsabiqəsinə 2013-cü ildə 481 nəfərin sənəd təqdim etdiyi, onlardan 477-nin sənədinin ekspertizadan keçirilib qiymətləndirildiyi barədə məlumat verib.

M.Mərdanov bildirib ki, müsabiqədə iştirak üçün sənəd verən 477 nəfərdən 27-si 2007-2008-ci dərs ilində "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuş müəllimlərdir. Ekspertizanın nəticələrinə görə, sənədləri qəbul olunmuş 477 müəllimdən müvafiq bal toplamış 207 nəfərin II mərhələyə buraxıldığını qeyd edən nazir müsabiqədə iştirak üçün sənəd verən müəllimlərin rayon və şəhərlər üzrə bölgüsünə diqqət çəkib. İştirakçıların sayına görə ibtidai sinif (44 nəfər), ingilis dili (32 nəfər), tarix (25 nəfər), Azərbaycan dili və ədəbiyyat (23 nəfər) müəllimlərinin üstünlük təşkil etdiyini nəzərə çatdıran M.Mərdanov digər fənlər üzrə müsabiqədə iştirak edəcək müəllimlərin sayı barədə də məlumat verib.

AzNews.az