Aqşin Yenisey: “Yazıçılar Birliyi quldur yuvasıdır”

Yazıçılar Birliyinin binasında baş verən butulka "razborkası" sözügedən birliyin üzvülük vəsiqəsini daşımayanlar tərəfindən də qinağa səbəb olub. Eşitdiklərindən dəhşətə gələn gənc şair Aqşin Yenisey AzNews.az-a açıqlamasında Yazıçılar Birliyini quldur yuvası adlandırdı:

"Gözümü açıb ədəbiyyatla məşğul olandan görmüşəm ki, Yazıçılar Birliyində bir-birinin başını yeyib, ətini didməklə məşğul olublar. Məsələn, bir yazıçı vardı - "Bütün yeraltı çaylar dənizə axır" deyən Mehdi Hüseyn. Onun üstünə yan-yörə necə tökülüşdülərsə, kürsünün arxasındaca ürəyi partlayıb öldü. Yazıçılar Birliyi ömrü boyu yaxşı yazıçının itkin düşməsi və güllələnməsinə səbəb olub. O ocaqdan ədəbiyyat naminə xeyir gözləmək gülüncdür. Ora quldur yuvasıdır. Quldurlar yığışıb orada qarınlarını doldurmaqdan ötrü işlərini yerbəyer edirlər. Günah oradan xeyirli bir xəbər gözləyənlərdədir".

A.Yenisey onu da əlavə etdi ki, bu AYB-də baş verən ilk cinayət hadisəsi deyil: "Orada illər ərzində dəfələrlə qarşıdurmalar yaranıb. Sadəcə, indi məsələ bir-birinə butulka atmaq, bıçaq çıxarmaq, barmaq kəsmək səviyyəsinə gəlib çıxıb. Hətta belə getsə baş da kəsilə bilər. Ora ədəbiyyata dəxli olmayan bir mühütdir. Dəfələrlə təklif gəlsə də itifaqın üzvü olmamışam. İndi baxıram ki, düz etmişəm".

Bahar Rüstəmli
AzNews.az