“Azəriqaz”dan sayğaclara müdaxilə ilə bağlı açıqlama

“Bəzi Kütləvi İnformasiya Vasitələrində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində görülən işlərə kölgə salınmağa çalışılıb. Belə ki, əsassız məlumatlardan hazırlanan həqiqəti əks etdirməyən yazılar istehlakçılar arasında çaşqınlığa səbəb olduğundan bildiririk ki, abonentlərin təbii qazla təchiz edilməsi yalnız qaz sayğacları vasitəsi ilə həyata keçirilir”.

AzNews.az xəbər verir ki, bu, “Azəriqaz” İB-nin məlumatında qeyd olunub.

Bildirilib ki, qaz sayğacları qaz xətləri üzərində quraşdırılıb kipliyə yoxlanıldıqdan sonra xüsusi nömrəli plombla korroziyaya davamlı izolə edilmiş xüsusi məftil (sim) vasitəsi ilə yivli birləşmələri plomblanır. Plombun toxunulmazlığı barədə abonentin cavabdehliyi göstərilməklə müvafiq sənədlə rəsmiləşdirilir və aktın 1 nüsxəsi abonentə təqdim edilir.

“Sayğacın yivli birləşmələrinə vurulmuş xüsusi nömrəli plomb onun şəbəkədən ayrılmasının və təbii qazdan qeyri-qanuni istifadə edilməsinin qarşısını alır. Əks halda Nazirlər Kabinetinin “Qаzdаn istifadə qaydaları” haqqında 12 may 2011-ci il tarixli 80 saylı qərarının 6.5. bəndinə əsasən şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsi qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb olunmalıdır”,-məlumatda qeyd olunub.

Bildirilib ki, sayğacın üzərində xüsusi plombun mövcudluğu quraşdırılmış sayğacın toxunulmazlığı deməkdir. Yəni sayğaca hər hansı bir səlahiyyətli mütəxəssisin texniki baxış keçirilməsi halları istisna olmaqla plomba toxunmaq olmaz.

“Sayğacın üzərinə vurulmuş xüsusi nömrəli plombun hər hansı bir səbəbdən aşkar edilməməsi və ya sındırılmış vəziyyətdə olması halı təbii qazdan qeyri-qanuni istifadə edilməsi şübhəsini yaradır. Sayğacın üzərinə vurulmuş xüsusi nömrəli plomb istehlakçının müdaxiləsi olmadan qırılması halları abonent tərəfindən aşkar edilərsə bu barədə “Azəriqaz” İB-nin 185 qaynar xəttinə yaxud yazılı formada E-poçt: office.azerigas@socar.az rəsmi müraciət etməlidir. Verilmiş məlumat əsasında mütəxəssislər tərəfindən yerində baxış keçirilərək araşdırılır, plombun qırılma səbəbi dəqiqləşdırılır və abonentin müdaxiləsi olmadan qırılması qənaətinə gəlinərsə dəymiş ziyan hesablanmır və dərhal qaz sayğacı yenidən plomblanır. Ancaq yuxarıda qeyd olunan məsələlər istisna olmaqla qaz sayğacı üzərinə vurulmuş plomb qazpaylayıcı tərəfindən aşkar edilmədikdə və ya qəsdən sındırıldıqda itirilmiş təbii qazın dəyəri barədə dəymiş ziyan aktı tərtib edilərək bir nüsxəsi istehlakçıya təqdim edilir”-İB-dən bildirilib.

Məlumata görə, o cümlədən sayğacın üzərinə vurulmuz zavod plombuna müdaxilə olunarsa, qaz sayğacı dərhal şəbəkədən çıxarılaraq aktlaşdırılır və dövlət yoxlamasına göndərilir: “Sayğacın dövlət yoxlamasından verilmiş rəyinə müvafiq olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun tədbirlər görülür. Belə ki, abonentin qeyri-qanuni hərəkətləri hüquqi təsdiqini tapdıqdan sonra itirilmiş təbii qazın dəyərindən əlavə olaraq qaz sayğacının da dəyərinin ödənilməsi tələb olunur.

Nəzərinizə çatdırılır ki, qaz sayğacının üzərində olan plombun qəsdən qırılmasına görə hər hansı bir tədbirlər görülməzsə, təbii qazdan qeyri-qanuni istifadə hallarının artmasına gətirib çıxara bilər.

Yuxarıda sadalanan hallar digər Komunal xidmətlərdə də tətbiq olunur. “Azəriqaz” İB abonent məmnuniyyətinin daha da yüksəldilməsi prinsipini nəzərə alaraq plombla əlaqədar yaranmış hər hansı bir problemin tam və hər tərəfli araşdırılmasına köməklik göstərməyə həmişə hazırdır”,-məlumatda qeyd edilib.