“Təciliyardım” həkimlərini niyə döydülər? - Xəstəxanadan açıqlama

Tovuz rayonunda çağırışa gedən həkimlərin döyülməsinin təfərrüatı məlum olub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkim müavini Səyyad Yusifov AzNews.az-a açıqlamasında İbrahimhacılı kəndinə xəstə üstünə gedən həkimlərin döyüldüyünü və xəsarət aldığını bildirib:

“İbrahimhacılı kəndində xəstə olub. Oradan Təcili Tibbi Yardıma saat 22:23-də çağırış gəlib. 22:24-də ambulans burdan çıxıb, 22:33-də kəndə çatıb. Həkimlər deyilən ünvana çatanda baxıblar ki, xəstə artıq keçinib. Xəstənin yaxınları həkimlərə hücum çəkiblər. Nəticədə həkim, tibb bacısı xəsarət alıb, avtomobilin qabaq şüşələri sındırılıb, maddi ziyan vurulub. Artıq məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib”.

Qeyd edək ki, Tovuzda Təcili Tibbi Yardım maşınına hücum olub. Hadisə rayonun İbrahimhacılı kəndində baş verib. Xəstənin öldüyünü deyən yaxınları tibb işçilərinin çağırışa yubandıqlarını bildirərək, həkim Eldar Abdıyev və tibb bacısı Cəmalə Qurbanovaya xəsarət yetiriblər.

Bahar RÜSTƏMLİ
AzNews.az