Hər şeydən bir az - həm də heç nə deməkdir - Hüseynbala Səlimov

Elektrik enerjisilə bağlı yaranmış müvəqqəti problemlər bizi Ermənistanda baş verən hadisələrdən ayırsa da, etiraf etmək lazımdır ki, bu olayların cazibəsindən tamam qopmaq qətiyyən mümkün deyil.

Əsas səbəb Ermənistanla müharibə aparmağımızdır və o üzdən də bu ölkədə baş verən hər şey bizim üçün maraqlı olmalıdır və maraqlıdır da.

İkincisi, tək Azərbaycan deyil, hətta digər ölkələr - ən birinicisi də Rusiya ciddi şəkildə Ermənistandakı prosesləri izləməklə, bu ölkənin hara istiqamət alacağını müəyyənləşdirməyə çalışmaqla məşğuldur.

Proseslər isə bir tərəfdən həm bəşəri məntiqə uyğun gəlir, həm də erməni məntiqinə. Bəşəri məntiq sarıdan məsələ belədir ki, N.Paşinyan eyni zamanda bir neçə məsələni həll etməyə çalışır. Bir tərəfədən hüquq və qanunun bütün gücünü əski S.Sarksiyan hakimiyyətinə yönəltməklə özünün ən əsas siyasi rəqibini bütün hallarda bu il keçiriləcək parlament seçkiləri ərəfəsində zəiflətməyə cəhd edir.

Digər tərəfdən də iqtisadiyyatda yeni nəfəslik açmaq gücündə olmayan baş nazir analayır ki, korrupsiya və rüşvətxorluqla mübarizə bütün hallarda bu işi aparan siyasi qüvvəyə müsbət dividendlər gətirir. Üstəlik, belə neqativ hallara qarşı mübarizə həm də mövcud iqtisadiyyatda kiçik də olsa, tərpəniş yaratmaq iqtidarındadır.

Elə bu səbəbdən də bütün bu prosesləri bəşəri məntiqlə anlamaq və yozmaq mümkün bir işdir. Amma elə şeylər də var ki, onları anlamaq üçün bəşəri məntiq acizdir və burada yalnız erməni məntiqi yardımçı ola bilər.

İnqilab nə deməkdir axı? O deməkdir ki, qısa müddətdə cəmiyyətdə bir çox sferalarda aparılan siyasəti kardinal bir şəkildə dəyişmək olmasa da, hər halda, ciddi təftiş etmək zərurəti yaranır. “Məxməri erməni inqilabı” ilə bağlı da bunu gözləyirdik. Amma olmadı...

Ən maraqlısı və parodoksal olanı nədir? Biz deyirik ki, Dağlıq Qarabağla bağlı məsələlərdə, Azərbaycana münasibətdə Paşinyan elə Koçaryanın və Sarkisyanın yürütdüyü siyasəti yürüdür. Halbuki həm Ermənistanın maraqları, həm də inqilabın məntiqi tamam başqa bir şey tələb edir.

Sual yaranır: Koçaryanın və Sarkisyanın Dağlıq Qarabağ problemilə bağlı apardığı siyasətin ən böyük qüsuru bu qondarma qurumu hələ də “müstəqil dövlət” kimi tanıtmaması idi, yoxsa Dağlıq Qarabağ adlı erməni prosesinin, ümumiyyətlə, tamamilə mənasız, heç bir vaxt həyata keçməyəcək bir xülya olduğunu anlamamaqları idi?..

N.Paşinyanın bəyanatlarına və yaxud da şərhlərinə baxsaq, birinci əlaməti görərik – guya R.Koçaryanla S.Sarkisyanın səhvi bu müstəvidə düzgün siyasət aparmamaqdan, xüsusən də qondarma “dqr”-i tanıtmaqda yetərincə israrlı olmamaqdan ibarətdir.

Halbuki ortada R.Koçaryandan və S.Sarkisyandan başqa bir L.Ter-Petrosyan presedenti də var. Ya Paşinyan Sarkisyanla Koçaryanı haqlı saymalıdı, ya da ki, L.Ter-Petrosyanı. Deyilənə görə, onun Petrosyanla yollarının üst-üstə düşüdüyü vaxtlar da olub və elə biz də düşünürdük ki, Paşinyan heç olmasa, Qarabağla siyasətini formalaşdırarkən Petrosyanın da rəyini öyrənməyə cəhd edər. Amma olmadı...

O ki qaldı məsələnin parodoksal tərəfinə, biz Paşinyanı Koçaryan və Sarkisyan siyasətini davam etdirməkdə, ruslar isə bunun əksində ittiham edir.

Hətta bu yaxınlarda Kremlin sözçülərindən biri, A.Duqin işarə etdi ki, hakimiyyətlər “dövlətçilik xəttini davam etdirməli”dirlər və belə bir yöndən yanaşanda Paşinyan da Koçaryanla Sarkisyanın siyasi kursunu dəyişməməlidir. Aydın məsələdir ki, rusları, o cümlədən də A.Duqini ən çox narahat edən Ermənistan-Rusiya münasibətləridir və onlar həmin bu müstəvidə Paşinyandan da Koçaryan və Sarkisyan kimi itaətkarlıq tələb edirlər.

O, bu itaətkarlığı edəcək və ya etməyəcək–bunu zaman göstərəcək. Amma indidən aydındır ki, bununla bağlı Kremlin iki ssenarisi ola bilər. Paşinyanın dönük çıxacağı təqdirdə Kreml əvvəlcə Ermənistandakı vəziyyəti içəridən korrektə etməyə çalışacaq. Bununçün onun yetərincə təcrübəsi var. Yox, əgər bu, alınmazsa, o halda ciddi bir şəkildə “Qarabağ kartı” işə düşəcək. Buna qəti şübhəniz olmasın. Təbii ki, bu halda Kreml nəzərlərini Bakıya yönəldəcək...

Paşinyan isə bir az Saakaşvili (ölkədə korrupsiyanı cilovlamaq, qanunçuluq atmosferi yaratmaq), bir az da Koçaryan və Sarkisyan olmaq istəyir. Bir daha deyirik ki, bunlar Ermənistanın daxili siyasi mühitinə və bir də Dağlıq Qarabağ probleminə aiddir.

Aydınaşmamış ən əsas məqamsa onun Rusiya ilə quracağı siyasətdir. Necə olacaq, necə bitəcək bu proseslər–İnşallah, bunu da görə biləcəyik.

Amma Paşinyan Ter-Petrosyan qədər Şərq dünyagörüşünə və mədəniyyətinə bəlli olmasa da, hər halda, Şərq müdriklərindən güman ki, tamam xəbərsiz də deyil, ona görə ki, bu da bəşəri mədəniyyətin bir hissəsidir və ümid edirik ki, ermənilər hələ özlərini yad planetli kimi qələmə vermək fikrində deyillər.

Yer adlı planetin ağıllı insanlarınınsa (istər şərqli olsun, istərsə də qərbli!) bir kəlamı vardır: “hər şeydən bir az” həm də heç nə deməkdir...

Hüseynbala Səlimov
AzNews.az