Rahatlığın açarı

Hər yerdə uğultu var. Statuslar, şərhlər, səslər, söhbətlər, iddialar, eyhamlar, açılan silahlar, sönən işıqlar - hamısından dəhşətli səs gəlir. Elə bil beyninin içini oyurlar. İttihamlar səngimir, hiyləgərliklər tükənmir, dedi-qodunun ardı-arası kəsilmir.

Bütün baş verənlərin içində girinc qalırsan, nəyə inanacağını bilmirsən. Bax, bu cür izahı mümkün olmayan stress dalğasının altında yaşayırıq. Bunlardan qurtulmaq əvəzinə vəziyyəti daha da qəlizləşdiririk. Ən xırda öhdəliklərdən boyun qaçırdırıq. Ruhumuza yağdırdığımız qardan ətrafımızdakılar donur. Vaxt ötdükcə təbəssüm azalır, sözlər dilimizdən tikan yumağı kimi çıxır. İfadə formasının bəzəyi olan “təşəkkür edirəm”i o qədər yadırğayırıq ki, bu iki sehirli kəlməni sonu görünməyən karvanın ən axırına qoşulan xəstə və cılız dəvənin kürəyinə yüklənmiş kimi lazımsız, özümüzdən uzaq tuturuq. Halbuki, təşəkkür etmək rahatlığa, sakitliyə və fərqliliyə açılan qapıdır. Böyük sərmayə yatırmadan, ən gəlirli investisiyadır, eynilə sevgi kimi... Bu iki söz çiyinə düşən ağırlıqdan uzaq qalmağın, qəlblərdə taxt qurmağın sehirli şifrəsidir. Səhərdən axşama qədər sizin üçün işləyən insana təşəkkür edin, hər nə qədər işinizi görmək məcburiyyətində də olsa. Həmin an yorğunluğunun azaldığına, stresdən arındığına şahid olacaqsınız. Çatılmış qaşlara, əsəbdən gərilən üzlərə, fikirdən dalğınlaşan gözlərə birbaşa təsir vasitəsidir. Günlərin ley kimi şığıyıb getdiyi ömürdə nə qədər təşəkkür etdiyinizi düşünmüsünüz?

Dilə gətirildiyi anda qaranlıq ruhu aydınladır, insana önəmli olduğunu hiss etdirir, yarımçığı tamamlayar.

Qısa intervalla bardağınızı şərabla dolduran yorğun ofisianta təşəkkür edin. Bunu tez-tez təkrarlayın, görəcəksiniz, digər masalara istəksiz, sizə doğru xoş ovqatla gələcək.

Söhbəti saatlara calanan dostlar böyük nemətdir, varlıqları insanı dünyadan daha da möhkəm yapışmağa vadar edir. Bəlkə də, onlar təşəkkürün özüdür!

Həyatınızı işıqlandıran, baharı özü ilə yığıb ömrünüzə gətirən, qucaqlayanda dünyanı qollarınızın arasında hiss etdirən sevgilinizə təşəkkür edin. Çünki o, sizi siz edən dəyərlərdən biridir.

Ağrının miqyasını, əzabın hər üzünü göstərən, dəfələrlə xəyanəti ilə üzləşib hər dəfə bağışladığınız, bağışladıqca növbəti zərbələri öncəkindən daha sərt vuran, axırda arxasına dönüb baxmadan çıxıb gedən keçmiş sevgilinizə nəfəs aldığınız hər gün təşəkkür edin. Onlar vaxtında getməsəydi, bu gün varlığına şükranlıq duyduğunuz insanlar olmazdı, ayaqlarınızı dayandığınız yerə möhkəm basa bilməzdiniz. Buna görə də, onlara getməklərinin minnətdarlığını borclusunuz.

Kilometrlərcə uzaqda yaşasa da, ürəyi yanınızda olan, eyni qandan olmasanız da, özünü canınızın bir parçası kimi hiss etdirən doğma insanlara təşəkkür edin. Onsuz da əziz olduqlarını bilirlər, amma arada “Varlığın üçün təşəkkür edirəm” cümləsini mütləq yazın.

Sizə səbir göstərən, kobudluqlarınıza dözən, hər şeyə rəğmən getməyi deyil, bir küncdə dayanıb gözləməyi seçən, sevməkdən vazkeçməyən insanlara təşəkkür edin!

Tək qalanda gözlərinizi yumun, kimlərə və nələrə minnətdarlıq hissi duyduğunuzu yadınıza salın. Elə adamlar, elə məqamlar ağlınıza gələcək ki, dodağınızın küncündən qaçan təbəssüm yanğınıza yayılacaq.

Gördüyünüz, eşitdiyiniz, hiss edə bildiyiniz üçün şükür edin. Sağlamlığınız üçün təşəkkür edin: Allaha, Tanrıya, kainata, ulduzlara - kim nəyə inanırsa ona!

Bu iki kəlməni doğru zamanda istifadə etməklə insanların həyatında dəyişikliyə yol açmaq mümkündür. Hətta bir neçə dəqiqənizi ayırıb onlara baş çəkin. Qarşı tərəf belə jestə görə özünü xoşbəxt hiss edəcək. Bu sizə maddi dəyər qatmaya bilər, amma mənəvi olaraq içiniz dolub daşacaq.

Münasibətlərin əksəriyyəti mənfəət, gözlənti üzərində qurulduğu üçün insanlar adi bir zəngdən min fikrə düşə bilirlər. “Kim bilir yenə nə işi düşüb” cümləsini ömrünüzdə bir dəfə də olsa ya demisiniz, ya eşitmisiniz. Ürəyindən keçdiyi üçün qarşı tərəfə edilən zəng, dəyərli olduğu üçün axtarıldığını hiss etdirmək qədər gözəl duyğu ola bilməz. Başqasını xoşbəxt etmək sizin də xoşbəxt olmağınızı təmin edir. Elə bunun üçün bir neçə dəqiqə vaxt itkisini gözə alaraq telefona əl atmağa dəyər. Əgər zəng etmək üçün fürsət yoxdursa, içinizdən gələn səmimiyyətlə ona mesaj yazın. Təşəkkürün ardından insanın üzünə yayılan təbəssüm yağışdan sonra torpaqdan gələn qoxu, təndirdən yenicə çıxan isti çörək qədər ətirlidir.

Həyatda heç bir hədiyyə ürəkdən edilən təşəkkür qədər qiymətli ola bilməz. Yeganə sözdür ki, ölçüsünün əhəmiyyəti olmayan, atılan gözəl addımın qarşılığında hər kəsə qarşı istifadə edilir. İnsana motivasiya verir, özünə inamı artırır. Bu əsrarəngiz ifadə səmimiyyətlə və doğru zamanda səsləndirildikdə qarşıdakını cadu kimi tilsimləyir. Təşəkkür etmək də, üzr istəmək kimidir, insanı ucaldır. Əgər bu ifadəni candərdi desəniz urvatdan düşəcək.

Dank (almanca), merci (fransızca), terima kasih (indonezyaca), thank you (ingiliscə), gracia (ispanca), tack (isveçcə), grazzi (maltaca), mahad (somlicə), hatur nuhun (sudanca) - buraya sadəcə bir neçə dildə “təşəkkür” sığdıra bildim. Bu ifadə bütün dillərdə eyni zərifliyi daşıyır. Eyni zamanda, hər dildə ən sadə, amma ən güclü ifadə formasıdır.

Hər kəsin təqdirəlayiq addımı mütləq olur. Yaşadığımız müddətdə başqalarına təşəkkür etmək üçün xeyli imkanlar yaranır. Bəzən ertələyirik, çox vaxt gecikirik. Elə isə rahatlığın açarı əlimizdəykən fürsəti əldən verməyək, bağlı qapıları ardına qədər açaq. ("525-ci qəzet")

AzNews.az