“Onlar nə siyasətlə, nə də iqtisadiyyatla maraqlanırlar” - Big.az saytının rəhbəri

“BiG Group” şirkətinin rəhbəri və təsisçisi, iş adamı Emil Əkbərovun Aznews.az saytına müsahibəsini təqdim edirik:

Emil bəy, “BİG GROUP” haqqında danışmağınızı istərdik...

BİG GROUP şirkəti 14 ildir ki, fəaliyyət göstərir. İlk addımlarımızı Big.az saytı ilə atmışıq. BiG.az Azərbaycan saytları siyahısında ilk saytlarından biridir. Neçə illərdir ki, ön sıralarda gedirik. Big.az öz möhürünü vurandan sonra qərara gəldik ki, yeni proyekt yaradaq. Bu gün BİG GROUP-a 15-ə yaxın proyekt daxildir. Onlardan 3-ü xəbər mediasıdır (big.az, sonxeber.az, xanim.az), digərləri isə (unvan.az, tezbazar.az, vipemlak.az, izle.az, sebet.az, servis.az, webpage.az və s.) ticari layihələrdir.

Artıq illərdir ki, Big.az öz sahəsində birincilik pilləsini qoruyur. Saytın oxunaqlı olmasının başlıca səbəbləri hansılardır?

Saytın oxunaqlı olmasının başlısa səbəbi uzun illər fəaliyyət gösərtməsi və oxucu inamını qazanmasıdır. Oxucularımız BİG.AZ-ı sevir, dəstəkləyir. Sevindirici haldır ki, oxucular sayta sosial şəbəkələrdən deyil, birbaşa BİG.AZ yazaraq daxil olurlar. BİG.AZ-ın öz auditoriyası, gücü, oxucuları var. Obyektiv olmağa çalışırıq. Əgər xəbərin mənbəyi və xəbərin özü doğrudursa, bu xəbər təsdiqlənirsə, bu informasiyanın siyasi, mədəni, iqtisadi olmasından asılı olmayaraq yayımlayırıq. Əlbəttə, araşdırırıq, tapırıq və faktlar əsasında yazırıq. Biz oxucu təlabatı ilə hesablaşırıq və xəbər seçimində müxtəlifliyə üstünlük veririk. Çalışırıq ki, oxucunun təlabatına uyğun olaraq, insanları informasiyalarla təmin edək.

BİG.AZ-ın bu günə kimi daha çox oxunan xəbərini xatırlayırsınızmı?

Aprel döyüşləri ərəfəsində qələbə xəbərləri ən çox oxunan xəbərlərdən idi.

Nəyə görə Azərbaycanda şou xəbərlər daha çox oxunur?

Bu kommersiya xarakterlidir. Bu gün şou-biznes xəbərlərinə olan təlabat daha çoxdur. Bunun da səbəbini bilirəm. Məsələn, Azərbaycan qadınları ya mental dəyərlərimizə çox bağlıdırlar, ya da evləndikdən sonra həyat yoldaşları tərəfindən işləmələrinə icazə verilmir. Xanımlarımız daha çox evdə olurlar. Buna görə də şou-biznesə maraqları yaranır. Nəzərə alsaq ki, Azərbaycanda qadınların sayı daha çoxdur, demək ki, belə məlumatlara da daha çox təlabat var. Kişilərimizin də əksəriyyəti ali məktəblərə oxumaq üçün yox, sırf diplom əldə etmək üçün üz tutur. Onlar nə siyasətlə, nə də iqtisadiyyatla maraqlanırlar. Buna görə də şou-biznesə maraqları yaranır, çünki şounu qavramaq onlara daha asan başa gəlir. Biz də təlabata uyğun formada fəaliyyət göstərməyə məcburuq ki, heç olmasa, bizim də reaklamlarımız olsun. Bu gün adi bir şou-biznes xəbəri siyasi və iqtisadi xəbərdən 15-20 dəfə çox oxunur. İnsanlarımız şouya meyillidir. Bu bir az da bizim mentalitetlə bağlıdır. İnsanlar qapalı olan şeylərdən qaçırlar. Əgər mentalitet insanları çərçivəyə salırsa, buradan çıxmağa çalışırlar. Buna görə də hansısa müğənninin həyatı, şəxsi münasibətləri insanlara daha maraqlı gəlir. Amma bununla belə, xəbər müxtəlifliyinə də üstünlük veririk. Oxucuların hər təlabatı ilə hesablaşırıq.

Hansısa bir xəbəri paylaşdığınıza görə təhdid olunmusunuz?

İdeal heç nə yoxdur. Əlbəttə, iş olan yerdə nöqsan da olur. Hər bir işdə boşluqlar ola bilər. Biz heç kəsi "vurmuruq", heç kəsin haqqına girmirik. Fəaliyyətimizi elə qurmamışıq ki, kimsə bizə öz narazılığını bildirsin. Sadəcə çalışırıq ki, informasiyaları düzgün formada insanlara çatdıraq, bu gün nə baş verirsə, onu da yazıb yayımlayırıq. Əlbəttə, istisna hallarda bizi də məhkəməyə verən olub, məhkəməyə də layiqli cavabımızı vermişik. Bizi məhkəməyə verənlərin hamısını udmuşuq. Çünki haqq bizim tərəfimizdə olub. Biz həmişə doğrulardan yazırıq.

Xəbərin başlıqlarını həqiqətə uyğun seçirsiniz, ya İP xatirinə?

Kütləvi informasiya vasitələrinin sayının çox olduğunu və informasiya bolluğunu nəzərə alsaq, fərqli xəbəri oxucuya çatdırmaq asan olmur. Yazının içərisində olan ən vacib məqamı yazının sərlövhəsinə qoymaq lazımdır. Bu da təbii ki, oxucunu aldatmağa yox, diqqət çəkməyə hesablanmalıdır. Amma hər zaman çalışmışıq ki, xəbərin sərlövhəsi ilə mətni üst-üstə düşsün.

Hansı saytı rəqib olaraq görürsünüz?

Rəqabət olan yerdə həmişə keyfiyyətli iş olub. Hesab edirəm ki, sağlam rəqabət həm bizi, həm də digər saytları uğura aparan yoldur. Bütün saytlara hörmətlə yanaşıram. Bir çox sayt rəhbərləri ilə də dostam hətta. 14 il ərzində heç bir sayt rəhbəri ilə problemimiz olmayıb, bundan sonra da yəqin ki, olmaz.

Səidə Nurməmmədli,

AzNews.az