“Mütləq Nuru paşaya Azərbaycanda bir abidə qoyulmalıdır” - Nəsiman Yaqublu

Bir neçə gündən sonra Bakının daşnak-bolşevik qüvvələrindən azad edilməsinin 100 illiyi dövlət səviyyəsində, təm-təraqla qeyd olunacaq. Üstəlik, 15 sentyabrda hərbi paradın keçiriləcəyi bildirilir.

Bakının işğaldan azad edilməsinin 100 illiyinin yüksək səviyyədə qeyd olunması ölkə ictimaiyyəti tərəfindən də birmənalı şəkildə təqdir olunur.

AzNews.az-ın xəbərinə görə, tarix elmləri üzrə fəlsəfə doktoru, araşdırmaçı-publisist Nəsiman Yaqublu hafta.az-a açıqlamasında bildirib ki, bu çox gözəl və maraqlı hadisədir:

“Bakının erməni-daşnak, bolşevik qüvvələrinin işğalından azad olunmasının 100 illiyi dövlət səviyyəsində qeyd edilir. Üstəlik Bakının qurtuluşunun 100-cü ildönüm ilə əlaqədar olaraq hərbi parad keçiriləcək. Bu çox gözəl və maraqlı hadisədir. Bakının işğaldan azad edilməsi tariximizin ayrılmaz bir hissəsidir. Cümhuriyyətin 100 illiyinin qeyd edilməsindən sonra Bakının işğaldan azad edilməsinin 100 illiyinin qeyd olunması doğrudan da, çox gözəl hadisədir. Bu hadisə həm də ona görə əhəmiyyətlidir ki, o vaxt Bakının işğaldan azad edilməsi ilə Azərbaycan Cümhuriyyəti höküməti Bakıda fəaliyyət göstərmək imkanı əldə etdi. Çünki Bakının qurtuluşuna qədər buraya daxil olmaq imkanımız yox idi. Cümhuriyyət Gəncədə fəaliyyət göstərirdi. Düşmən qüvvələr həm Bakını, həm də ətraf bölgələri öz nəzarətlərində saxlayırdılar. Ona görə də başda Nuru paşa olmaqla Qafqaz İslam Ordusu 1918-ci ilin sentyabrın 15-də Bakını işğaldan azad etdi. Bundan sonra Azərbaycan Cümhuriyyəti höküməti indiki paytaxtımızda fəaliyyət göstərə bildi”.

Nəsiman Yaqublunun sözlərinə görə, Bakının azad edilməsində 1100-dən çox türk əsgəri öz canını qurban verib. Həmin ordunun tərkibində azərbaycanlılar müəyyən bir qrup şəklində savaşıblar. Əsas döyüş əməliyyatlarını aparan Qafqaz İslam ordusu olub:

“Çünki o vaxt bizim nə ordumuz, nə də silahlı qüvvələrimiz var idi. 300-500 nəfərlik müəyyən qüvvələrimiz olub ki, onların da Bakı şəhərini azad etmək imkanları olmayıb. Bakı şəhəri sırf Nuru paşanın başçılığı altında Qafqaz İslam Ordusu tərəfindən azad edilib. Arzu edərdim ki, Nuru paşaya Bakı şəhərində bir abidə qoyulsun. Paytaxtın görməli bir yerində ona abidə ucaldılması təqdirəlayiq bir hadisə olardı. Çünki onun buna haqqı var. Həm də Nuru Paşa təkcə Bakını azad etməyib. Eyni zamanda, Gəncədən başlayaraq Yevlax, Kürdəmir, Hacıqabul və başqa bölgələrdə İstiqlal savaşı gedib. Həmin savaşda qalibiyyətin əsas memarı Nuru paşadır. Digər tərəfdən, Nuru paşaya, Qafqaz İslam Ordusuna aid əşyaların toplanması, ev müzeyinin yaradılmasını təklif edərdim. Bu ev muzeyi Gəncədə də yaradıla bilər. Gəncədə Nağı bəy Şeyxzamanlının evi indi də durur. Həmin ev təmir olunub. O evi daha da səhmana salıb orada gözəl və geniş bir ev muzeyi yaratmaq mümkündür. Əsas təklifim odur ki, mütləq Nuru paşaya Azərbaycanda bir abidə qoyulmalıdır”.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev 16 may 2017-ci il tarixində milli dövlətçilik salnaməsini müstəsna dərəcədə zənginləşdirmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam verib.

AzNews.az