Vidadi İsgəndərli sabah məhkəməyə çıxarılacaq- YENİLƏNİB

Bu gün axşam saatlarında Vidadi İsgəndərlinin qardaşı musavat.com-a məlumat verib ki, hüquq müdafiəçisinin məhkəməsi naməlum səbəblərdən yarımçıq qalıb. Onu Yasamal rayonu, 26-cı polis bölməsinə aparıblar. Qardaşının verdiyi məluata görə, bu gecə hüquq müafiəçisi polis bölməsində saxlanacaq. 18 apreldə, saat 11-də V. İsgəndərlinin üzərində Yasamal Rayon Məhkəməsində poses keçiriləcək.

17:20
Bir qədər əvvəl hüquq müdafiəçisi Vidadi İsgəndərli Yasamal Rayon Məhkəməsinə aparılıb.

Bu haqda "Yeni Müsavat"a hüquq müdafiəçisinin yaxınlarından biri məlumat verib. Yaxını V.İsgəndərlinin tələbələrin müdafiəsinə qalxdığına görə saxlandığını deyib: "2 gün əvvəl Vidadi İsgəndərli Texniki Universitetin yaxınlığında polisin yolu keçən tələbələri saxlamasına etiraz edib. O, imkanları məhdud olan tələbələri, xüsusən də qızları tutub cərimələnməsinə iradlarını bildirəndə özünü tutub Yasamal polisinə aparmışdılar. Onunla bərabər 2 tələbənin də saxlamışdılar. Yasamal polisində Vidadi İsgəndərliyə xəbərdarlıq edib azad etmişdilər. Bu gün isə yenidən polisə dəvət edib oradan məhkəməyə aparıblar. Hazırda məhkəmədədir. Vəkili də yoxdur. Bilmirik nə olacaq".

Qeyd edək ki, V.İsgəndərli ilə bərabər saxlanılan tələbələrdən biri, 1991-ci il təvəllüdlü Xanım Əliyeva "Yeni Müsavat"a açıqlamasında Texniki Universitetin 4-cü kurs tələbəsi olduğunu demişdi: "Biz yoldan keçəndə polis saxlayıb 20 manat cərimə etdi. Yoldan keçən başqa adamları saxlamırlar, biz tələbələri saxlayırlar. Həmin pulu verməyə imkanım yoxdur".

İlk dəfə saxlanılanda V.İsgəndərli müəyyən bir müddətdən sonra sərbəst buraxılmışdı. Əvvəlcə ona 15 sutkalıq həbs cəzası vermək istəsələr də, kimliyi bilinəndən sonra hüquq müdafiəçisinə xəbərdarlıq etmişdilər ki, bir daha ictimai yerlərdə hakimiyyət əleyhinə danışmasın.

AzNews.az