Azərbaycanda 16 bələdiyyə fəaliyyətsizdir

Azərbaycanda 16 bələdiyyə tamam fəaliyyətsizdir. APA-nın qərb bürosunun verdiyi məlumata görə, bunu Azərbaycan şəhər bələdiyyələri Milli Assosiasiyasının sədri Əbülfəz Babayev Gəncədə keçirilən Azərbaycan Şəhər Bələdiyyələr Milli Assosiasiyasının ümumi yığıncağında bildirib.

Onun sözlərinə görə, respublikada 35 bələdiyyənin fəaliyyəti tam qənaətbəxşdir. Ə. Babayev qeyd edib ki, bələdiyyələr bəzən səlahiyyətlərində olan vergi yığma prosesində maraqlı olmurlar. Sədr bunu bələdiyyə orqanlarının yığdıqları vəsaitin xərclənməsi uşun sərəncam verə bilmə hüquqlarının məhdudu olması ilə əlaqələndirib: "Mən hesab etmirəm ki, bu gün bələdiyyələr fəaliyyətsizdir. O fikirdən də uzağam ki, bütün bələdiyyələr eyni səviyyədə fəaliyyət göstərir. Burda insan faktoru, bələdiyyələrə təzyiq və onların səlahiyyətlərinin tam icra etməsi üçün köməklik etmə əvəzinə, maneçilik törətmə faktoru var"

Ə. Babayev qeyd edib ki, ötən il respublikada bələdiyyələr müxtəlif mənbələr hesabına dəyəri 13 milyon 300 min manat olan 4462 layihə həyata keçiriblər. Onlardan 1258-i yerli əhəmiyyətli, 745-i abadlıq, 359-u içməli su probleminin həllinə yönəlib.

AzNews.az