Gör sənə nə toy tuturam...

Əziz Rzazadə

Eynulla Fətullayevlə heç bir düşmənçiliyim yoxdur, amma bizi dərin dostluğun birləşdirməsi haqda da bir söz deyə bilmərəm. Mövqeyini və siyasi rəğbətlərini əsla bölüşmürəm. Amma onun haqqında tənqidi yazıya toy fotosunun əlavə edilməsi ilə əsla barışmıram. Bu, düzgün deyil, yolverilməzdir, birmənalı şəkildə siyasi polemikada qurşaqdan aşağı zərbədir.

Eyniylə Xədicə İsmayılın adını pornovideoda hallandırılmasını da həzm etmək niyyətim yoxdur. Bunu kimin təşkil eləməsi mənim üçün əsla, zərrə qədər belə önəm daşımır. Həmin hərəkətin, davranışın sadə, birbaşa adı isə alçaqlıq, rəzillik və nakişilikdir.

Deyək ki, bunu bir adam, yaxud hansısa qrup təşkil edib. Yaxşı, bəs bütün bu naqislikləri sosial şəbəkələrdə paylaşanlara nə ad verəsən? Onlar bu əmələ hansı məntiqlə şərik çıxır? Zövq məsələsidir, yoxsa siyasi tərəfdaşlıq?

Azərbaycan cəmiyyətinin bu cür hallarla barışması, ictimai qınaqla qarşılaşmaması və rəsmi səviyyədə zəruri istintaq araşdırması doğurmaması toplum olaraq hansı nöqtəyə gəlib çatdığımıza əyani sübutdur. Zatən elə buna doğru gedirdik. Neçə illərdir siyasi qarşıdurmada tabular göz görə-görə ayaqlanır. Və tapdaq edilmiş şəxsiyyət ləyaqəti, fərdi həyat sərbəstliyi, ailə gizlinlərinin məxfilik statusu artıq kimsə üçün adlanması qadağan, minalanmış sahə deyil.
Hə, söyüşə, hədyana, şərə, böhtana "Dur!" deyiləcək zaman çoxdan arxada qalıb. Bunu o vaxt eləmək lazım idi ki, indi Daşkəsən boyda rayonun icra başçısı olan Əhəd Abıyev Milli Məclisdə yüz iyirmi üç nəfərin gözü qarşısında deputat həmkarını təhqir edirdi. Bunu o vaxt eləmək lazım idi ki, "Monitor"da mərhum Elmar Hüseynov xanım deputatın silikon əzalarını "tərifləyirdi". Bunu o vaxt eləmək lazım idi ki, "Kuklalar"a baxmaq üçün pultun düyməsi kanalı Lider TV-yə dəyişirdi. Bunu o vaxt eləmək lazım idi ki, "Balıq Hafiz" Əkrəm Əylisliyə qarşı fiziki təhdid çağırışı edirdi...

İndi bunun haçan başladığını, müxalifətinmi birinci olduğunu, iqtidarınmı sonuncu qoşulduğunu düşünməyin heç yeri deyil. Əsas olan yetişdiyimiz nöqtədir. Bu səviyyəyə enməyimizə görə hamımız xəcalətliyik, amma utanan üzümüz yoxdur. Üzdə su qalıb ki!?

Özünə rəva görmədiyini başqasına etmə. Bizə əvvəllər, köhnə zamanlarda (hanı o günlər?) belə öyrədirdilər, nəsihət edirdilər. Dəyərlərin aşılanması, daha doğrusu, aşağılanması ilə azadlıq – hər şeyə qabillik, hər işə qadirlik və hər sözü qəbul etdirmə kimi yozulur. Məsuliyyət anlayışı isə əks məna kəsb edərək özbaşınalıq və cəzasızlıq kimi başa düşülür. Bir-birinin ətini yeməyə hazır insanlar bunu nəyi naminə eləyəcəklərinin heç fərqində deyil. Yəni vəzifə baldan da, baladan da şirin şeydir? Siyasi iqtidar həyatın yüksəliş xəttində ən ali məramdır? İmtiyaz insanın malik ola biləcəyi yeganə iftixar mənbəyidir?
Bəzən deyirlər: mübarizədə bütün üsullar məqbuldur. Bunu söyləyənin sadəcə ağlı yerində deyil. Sizi bilmirəm, amma mən nə bu havaların çalındığı "toyda əl qaldırıb oynamaq", nə də bu məqsədli "zifaf gecəsi çəkilişləri"ndə görünmək istəmirəm. Bunu tanıdığım və tanımadığım hər kəsə tövsiyə edirəm: adam balası adam olaq!

AzNews.az