İcra başçısına qarşı 100 min manatlıq rüşvət ittihamı

Rayon sakinləri icra başçısından təhsil nazirinə şikayət etdi



Şamaxı sakinləri təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıb. AzNews.az-a daxil olan həmin müraciətdə yeni icra başçısının təhsil şöbəsinin müdirini əsassız olaraq işdən azad etməsindən bəhs edilir.

Müraciəti oxucularımızın diqqətinə çatdırırıq:

"Şamaxı rayon təhsil şöbəsinin müdiri Səadət Veysova 2 ilə yaxındır ki, təhsil şöbəsinə rəhbərlik edir. Bu qısa zaman ərzində rayonumuzun təhsili üçün xeyli işlər görüb. Buna baxmayaraq fevral ayında icra başçısı dəyişəndən sonra başçının müavinləri və icra başçısı Səadət xanıma qarşı qərəzli kampaniyaya başladılar. Məqsədləri isə onun yerinə öz adamlarını qoymaq idi və məqsədlərinə çatdılar. Belə ki, təhsil nazirinin qərarı olmadan icra başçısının əmri ilə onu işdən azad ediblər. Qanuna əsasən təhsil şöbələrinin müdirlərini nazirin təqdimatı ilə başçı təyin edir və işdən azad edir. Necə olur ki, Mikayıl Cabbarovun təqdimatı və ya qərarı olmadan Səadət xanımı işdən azad ediblər?
Şamaxının icra başçısı Asif Ağayev və müavini Qasım Qasımov artıq müdirin yerinə adam da tapıblar. Bu şəxs Azərbaycan Müəllimlər İnstitutunun müəllimi Eyvaz Eminaliyevdir. Qeyd edək ki, bu şəxs icra başçısının 1-ci müavini Qasım Qasımovun yaxın qohumudur.

Cənab nazir, sizdən artıq dərəcədə xahiş edirik bizi bu bəladan qurtarasınız".

Qeyd edək ki, məktub müəllifləri yeni təyin olunacaq şöbə müdirindən 100 min manata yaxın pul alındığını da iddia edir.

Məsələ ilə bağlı Səadət Veysova isə AzNews.az-a bildirib ki, ona qarşı təzyiqlər fevral ayından başlayıb və son olaraq mayın 1-də öz ərizəsi ilə işdən azad edilmək təklif olunub: "Şamaxıda işlədiyim müddətdə xeyli işlər görüldü, 2 elektron məktəb yaradıldı, müəllimlər prezidentin sərəncamı ilə keçirilən müsabiqələrdə iştirakçı və qalib oldular. Bakı Avropa Liseyinin müəllimi olduğumdan müasir təlim metodları, təhsildə texnologiyaların tətbiqi mənim üçün əsas prioritetlərdən idi. Ancaq görünür ağa qara deyənlər üçün bu əsas deyilmiş. Buna görə də dedilər ki, ərizəni yaz, mən də yazdım. İndi Bakıdayam və əvvəlki iş yerimdə çalışıram".

Qeyd edək ki, S.Veysova işdən azad edilməsi ilə bağlı yeni təhsil nazirinin təqdimatının olmadığını da təsdiqləyib.

Xatirə
AzNews.az