Ayaz Mütəllibovdan üz döndərdilər

“Ayaz müəllim bizi dəvət eləmədi canı sağ olsun"

Xəbər verdiyimiz kimi, Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov Bakıya qayıdışından sonra ilk dəfə özünə təmtəraqlı ad günü mərasimi keçirib. 75 yaşı tamam olan keçmiş prezidentin yubiley mərasimində ailə üzvləri ilə yanaşı, onun keçmiş dostları, partiyadaşları da iştirak edib.

Mütəllibovun Azərbaycana dönməsi üçün mübarizə aparan keçmiş dostları Hacı Əbdül və Şeyx Əbdül Mahmudbəyov isə mərasimə dəvət olunmayıb.

Bu barədə Modern.az-a danışan Ayaz Mütəllibovun sadiq tərəfdarlarından hesab edilən, "Tövbə" cəmiyyətinin sədri Hacı Əbdül Əbdülov keçmiş dostundan inciyib. Ad gününə dəvət olunmadığını deyən Hacı Əbdül Ayaz Mütəllibovla artıq əlaqəni kəsdini bildirib.

"Ayaz müəllim bizi dəvət eləmədi canı sağ olsun. Yenə də təbrik edirik. Bizimlə maraqlanmır, əlaqə də saxlamır. Yenə canı sağ olsun. İncimirəm də".

Vaxtilə Ayaz Mütəllibovun hüquqlarının müdafiəsi komitəsinin sədri şeyx Əbdül Mahmudbəyov da şikayətlənib:

"Mənim üçün artıq bu söhbət bitdi. Onun Azərbaycana gəlməsi üçün biz əlimizdən gələni edirdi.k Ad gününə dəvət etməyib, etməsin, eybi yox. Hər halda təbrik edirik".

Xatırladaq ki, mayın 12-də keçmiş prezident Ayaz Mütəllibovun 75 yaşı tamam olub. 20 illik mühacirət həyatında sonra vətənə qayıdan eks-prezident ilk dəfə Bakıda dostlarının, yaxınlarının əhatəsində təmtəraqlı ad günü mərasimi keçirib.

AzNews.az