- Köhnə - Cəmiyyət
- 19 İyun 2013 15:56
- 2 385
Gənclər Təşkilatları Milli Şurası hesabatını açıqlayıb

İllik hesabat təşkilatın son bir il ərzində fəaliyyətini əhatə edərək, təşkilatın təşkilati və strateji inkişafı istiqamətində görülən işləri əks etdirir.
ARGTMŞ-dan Aznews.az-a verilən məlumata görə, 2012-ci ilin iyul ayından bu günə qədər olan fəaliyyət dövründə, təşkilati inkişaf istiqaməti üzrə yeni komanda formalaşdırılıb, "Gənclər Evi"-də yerləşən yeni ofisi istifadəyə verilib, təşkilatın yeni korporativ üslubu və KİV-lərlə əməkdaşlıq əlaqələri, həmçinin üzvləri ilə iş üzrə fəaliyyəti təkmilləşdirilib.
Təşkilat strateji inkişaf üzrə fəaliyyətini "3G" konsepsiyası – gənclər təşkilatları institutunun gücləndirilməsi, gənclərin əməkdaşlıq imkanlarının artırılması, gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirak etmələrinin təmin edilməsi əsasında həyata keçirib.
Gənclər təşkilatları institutunun gücləndirilməsi məqsədi ilə üzv təşkilatlara PR dəstəyi göstərilib, onların bilik və bacarıqlarının artırılması məqsədi ilə "QHT İDarəetmə Akademiyası" ("QİDA") yaradılıb və üzv təşkilatların beynəlxalq layihələrdə iştirakı təmin olunub.
Gənclərin əməkdaşlıq imkanlarının artırılması milli, regional və beynəlxalq səviyyədə aparılıb. Gənclərin əməkdaşlığının artırılması məqsədi ilə milli səviyyədə üzv təşkilatlarla birgə layihələr həyata keçirilib və "Azərbaycan Könüllülük Xidməti" proqramı yaradılıb, regional səviyyədə "GUAM Ölkələrin Gənc Liderlər Forumu" təşkil olunub, MDB ölkələrinin gənclər məsələləri üzrə Komitəsinə seçilmiş və Şərq Tərəfdaşlığı Platformasında fəaliyyətini davam etdirib. Beynəlxalq səviyyədə əməkdaşlığın gücləndirilməsi məqsədi ilə təşkilat on ildən sonra yenidən Avropa Şurasının Gənclər üzrə Məşvərət Şurasının üzvü seçilib, Avropa Könüllülük Xidməti üzrə sertifikat əldə edib. Eyni zamanda bu istiqamət üzrə "Pan-Afrika" Gənclər Birliyi ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.
Gənclərin gənclər siyasətinin və proqramlarının icrasında fəal iştirak etmələrinin təmin edilməsi məqsədi ilə Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının müvafiq maddələrinə əsasən "Kreativ Gənclər Şəbəkəsi", "Xətdə" "Sosial Şəbəkə Akademiyası" və digər layihələr həyata keçirilib.
Ruhiyyə
AzNews.az