Mübariz Göyüşlü: “Rusiya və İran bu dəhlizdən kənarda qalmaq istəmirlər”

“Hesab edirəm ki, Rusiya və İran bu dəhliz üzərində nəzarətin özlərində olmasını istəyirlər. Rusiya – bu marşrutun onun nəzarətində olmasını, İran isə ərazisindən keçən Araz yolunun Zəngəzur dəhlizinə alternativ kimi formalaşmasını arzulayır. Onların bu məsələ ətrafında gərginlik yaratmaları və sərt bəyanatlarının arxasında da məhz bu məqam dayanır. Zəngəzur dəhlizi təkcə iqtisadi layihə deyil – bu, eyni zamanda böyük strateji əhəmiyyətə malik bir təşəbbüsdür. Hər kəs istəyir ki, bu layihə üzərində nəzarət ona məxsus olsun və ya ən azı bu proseslərdə ciddi təsir imkanlarına sahib olsun”.

Bu fikirləri Aznews.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü deyib.

Qeyd edək ki, Zəngəzur dəhlizi ilə bağlı bölgədə gərgin ritorika yenidən artmaqdadır. İranın ali liderinin müşaviri Əli Əkbər Vilayətinin Zəngəzur dəhlizini Rusiya və İrana qarşı formalaşdırılan blokada cəbhəsi kimi təqdim etməsinin ardınca, Rusiya hakimiyyətinin təbliğat maşınının əsas simalarından biri – Vladimir Solovyov da bu layihəyə qarşı sərt bəyanatla çıxış edib. O, dəhlizin reallaşmasına imkan verilməməli olduğunu bildirib. Bu kontekstdə son günlərdə İran və Rusiyanın Azərbaycana qarşı ritorikasının intensivləşməsi, xüsusilə Zəngəzur dəhlizi ətrafında aktivləşmələri ciddi suallar doğurur.

Siyasi şərhçi qeyd edib ki, son hadisələr Rusiya və İranın bu proseslərdən kənarda qalmaq ehtimalından narahat olduqlarını açıq şəkildə göstərir.

“Məhz buna görə də onlar siyasi baxımdan sərt, bəzən radikal xarakterli bəyanatlar verirlər. Məsələ burasındadır ki, Azərbaycan dəfələrlə bəyan edib: bu dəhliz heç bir dövlətə qarşı yönəlməyib və onun istifadəsi hansısa ölkəyə üstünlük qazandırmaq məqsədi daşımır. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, bu marşrutdan iqtisadi, ticari, nəqliyyat və logistika əlaqələrinin genişləndirilməsi üçün istifadə olunmalıdır. Məqsəd əməkdaşlığı artırmaq və regionda sabit, qarşılıqlı faydalı bir nəqliyyat şəbəkəsi formalaşdırmaqdır. Bu baxımdan, Rusiya və İranın verdiyi bəyanatları mən əsassız və yersiz hesab edirəm. Gedən ümumi proseslər bu cür açıqlamalardan təsirlənməyəcək”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az