Zəngəzur dəhlizi ilə bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq

Zəngəzur dəhlizi üzərindən bütün enerji və logistik resurslar Türkiyəyə çatdırılacaq

Yaxın zamanda Zəngəzur dəhlizi üzərindən bütün enerji resursları və logistik yollar Türkiyəyə çatdırılacaq.

Aznews.az xəbər verir ki, bunu Türkiyə-Suriya qaz boru kəmərinin açılışı mərasimi çərçivəsində Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanın elektrik enerjisi Gürcüstan vasitəsilə Türkiyəyə ötürülür

Onun sözlərinə görə, hazırda Azərbaycandan elektrik enerjisi Gürcüstan üzərindən Türkiyəyə çatdırılır.

Orta Asiya enerji resursları da Azərbaycan üzərindən Avropaya çıxacaq

"Eyni zamanda Orta Asiyadakı digər enerji mənbələri və digər logistik məsələlər Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə üzərindən isə Avropaya çatdırılacaq", - nazir qeyd edib.

Azərbaycanla birlikdə aparılan enerji layihələri davam edir

Alparslan Bayraktar vurğulayıb ki, Azərbaycandakı təbii sərvətlərin - neft, qaz, bununla yanaşı elektrik enerjisinin Türkiyəyə ixracı ilə bağlı bütün layihələri Azərbaycanla birlikdə aparılır.

Mühüm layihələrdən biri – Naxçıvan–Türkiyə elektrik interkonnektoru

"Bu istiqamətdə mühüm irəliləyişlər var. Bu günədək həyata keçirilən layihələrə misal olaraq Bakı-Tibilisi-Ceyhan, Bakı-Tibilisi-Ərzurum kəmərləri, eləcədə Naxçıvan-Türkiyə elektrik interkonnektorunu qeyd edə bilərəm", - nazir əlavə edib.

Boru kəmərinin açılış mərasimi keçirilib

Qeyd edək ki, Türkiyənin Kilis vilayətinin Yavuzlu kəndində Türkiyə-Suriya təbii qaz boru kəmərinin açılış mərasimi keçirilib. Borunun istifadəyə verilməsi ilə Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına başlanılıb.

İllik 1,2 milyard kubmetrlik nəql planlaşdırılır

Xatırladaq ki, SOCAR ilə Suriya arasında bu yaxınlarda imzalanmış sənəd üzrə təbii qazın nəqli üçün hazırlıqlar tamamlanıb. İlk mərhələdə illik 1,2 mlrd. kubmetr təbii qazın Suriyaya göndərilməsi planlaşdırılır. Qaz Türkiyə sərhədindəki Kilis şəhərindən keçərək Hələb və Homsdakı elektrik stansiyalarına çatacaq və elektrik istehsalı üçün istifadə olunacaq. Bunun sayəsində təxminən 1.200–1.300 meqavatlıq istehsal gücü hədəflənir.