Ailəsinə hücum edilən əməkdaşımızla bağlı daha bir Bəyanat

Siyasi Azadlıqları Müdafiə Alyansı və Demokratik Jurnalistika Məktəbi jurnalist Bahar Rüstəmlinin ailə üzvlərinə edilən təzyiqlərlə bağlı bəyanat verib.

"AzNews.az xəbər verir ki, iyunun 14-də Zərdab rayonunun bir qrup sakini AzNews.az saytının əməkdaşı Bahar Rüstəmlinin həmin rayonun Alibəyli kəndində yaşayan ailəsinin yaşadığı evə hücum edərək, jurnalistin ailə üzvlərini təhqir ediblər, atasına fiziki xəsarətlər yetiriblər. Hücum edənlərin arasında vəzifəli məmurlar da olub. Basqının isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev və onun müavini Allahverdi Səfərovun təşəbbüsü ilə həyata keçirildiyiğ haqda məlumatlar var. Hücuma səbəb isə iyunun 13-də AzNews.az saytında dərc edilən "Zərdabda biabırçı olay: 15 yaşlı qız sürgün edilir" başlıqlı yazıdan narazılıq olub. Azərbaycan hüquqi dövlətdir və insan haqları ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulub. Belə olan halda Bahar Rüstəmlinin jurnalist fəaliyyətinə görə onun valideynlərinə qarşı qanunsuz hərəkətlərin törədilməsi yolverilməzdir və cinayətdir. Həmin hadisənin baş verməsində vəzifəli şəxslərin adlarının hallanması ölkədə məmurların jurnalistin fəaliyyətinə mənfi münasibətdə olmasının bir göstəricisidir. Həmin məmurlar bu cür olayların qarşısını almağa borclu olduğu halda, özləri həmin qanunsuz hərəkətlərə yol veriblər. Bəyan edirik ki, jurnalistin yazdığı yazıya görə, ona və yaxınlarına qarşı bu addımlar atmaq yolverilməzdir və bu hərəkətləri edən şəxslər etdikləri hərəkətlərə görə qanun qarşısında cavab verməlidirlər. Odur ki, məmurların iştirakı ilə Bahar Rüstəmlinin valideynlərinə qarşı bu cür basqıların edilməsini pisləyirik və hüquq-mühafizə orqanlarının baş verən hadisəni araşdıraraq hüquqi qiymət verməsini tələb edirik".

AzNews.az