Qiyabi təhsil alanlar müəllim işləyə bilməyəcək

Azərbaycanda daha kimlərin müəllim işləyə bilməyəcəyi açıqlanıb

Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydaları təsdiq edilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qaydalarda nəzərdə tutulur ki, məhkəmə qərarına əsasən, yaxud sağlamlığı ilə əlaqədar pedaqoji fəaliyyət göstərməsi qadağan olunan şəxslər pedaqoji işdə çalışa bilməzlər və onlar işə qəbul üzrə müsabiqəyə buraxılmırlar. Yaşı 65-ə çatmış şəxslər də müsabiqədə iştirak edə bilməzlər.

İxtisası üzrə ən azı 10 il müəllimlik fəaliyyəti göstərmiş və sonradan 3 ildən az müddətə işdən ayrılmış şəxslərin yenidən müəllim işləmək üçün Təhsil Nazirliyinə müraciət etmək hüququ var.

Təhsil Nazirliyində hər bir müraciət etmiş şəxslərlə müsahibə keçirilir və onun nəticələrinə əsasən müvafiq vakant yer işə qəbula razılıq verilir. Qeyri-pedaqoji təhsilli, özəl tədris müəssisəsini bitirmiş, lakin dövlət nümunəli təhsil sənədi-diplomu olmayan kadrların, həmçinin xaricdə təhsil alaraq təhsil sənədinin tanınmasına dair Təhsil Nazirliyinin şəhadətnaməsi olmayan, eləcə də bakalavriat səviyyəsində qiyabi təhsil alanların müəllim vəzifəsinə işə qəbuluna icazə verilmir. Müəllimlərin yalnız fakültativ, fərdi və qrup məşğələləri, eləcə də dərnək məşğələləri üçün ayrılmış saatlara işə qəbuluna icazə verilmir.

Cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən kənarlaşdırılmış müəllimlərin pedaqoji işə qaytarılması məsələsinə mövcud qanunvericilik əsasında yerli təhsili idarəetmə orqanı tərəfindən baxılır. İşə qəbul olunan və işdən azad edilən müəllimlər haqqında məlumatlar ən gec 15 gün müddətində müəssisələrin və idarə orqanlarının "Təhsilin idarə olunmasının məlumat sistemi"nə daxil edilir.

Müəssisələrdə digər pedaqoji kadrlara (müəllim köməkçiləri, tərbiyəçilər, defektоlоqlar, lоqоpedlər, istehsalat təlimi ustaları, praktik psiхоlоqlar, sоsiоlоq-pedaqоqlar, məktəb uşaq birliklərinin rəhbərləri, bilavasitə pedaqoji proseslə məşğul оlan mühəndis-texniki, tədris-köməkçi işçilər, təhsil müəssisəsinin kitabxanaçıları) olan tələbatın müəyyənləşdirilməsi və vakant yerlərə işə qəbul bilavasitə müəssisələrin rəhbərləri tərəfindən həyata keçirilir.

AzNews.az