İlhamə Quliyevanın bağ mövsümü

TV-də ssenari müəllifi Elçin olan "Bağ mövsümü" filmi gedir.

Sənsə evdə divana sərilib mürgüləyən arvadı, həyətdə damına qısılmış iti, kölgədə, gözü yarıyumulu uzanmış pişikləri, küçədə az qala özünü maşın altına atan piyadaları görür, avtobusda tər iyini burnundan uzaqlaşdırmaq istəyir, metroda əlinə toxunan yad adamın nəm köynəyindən çimçəşib zorla aralanır, işdə kompüterin monitoruna hey donuq halda baxır-baxır və düşünürsən ki, hə, artıq – yaydır.

Buna görə də nə Milli Şuranın bəyanatlarını, nə İlhamə Quliyevanın hədələrini, nə Misirdə baş verən hərbi çevriliş haqda ciddi görkəmlə mühakimə yürüdən adamları sonadək dinləyirsən.
Yaydır.

Qısa və aydın ifadə.

Cismin və ruhun dincəlmək istəyir!

Sizdən soruşuram: sonuncu dəfə nə vaxt könül dolusu istirahət etmisiniz?

Mənim yadıma heç gəlmir.

Adətən, həmkarlar, dost-tanış arasında söhbət istirahətdən düşdükdə hərə bir məkan və üsul deyir. Və sadalama başlayır... bir qayda olaraq baş tutmayan, elə niyyət olaraq qalan istirahət, sözdə qalan, göz almayan arzu, istək.

Qarşından ilğım kimi keçən könül və can rahatlığına mane olan səbəblər də bir deyil, iki deyil: iş, pulsuzluq, uğursuzluqlar, elə istirahət kimi söz olaraq qalan planlar.

Məncə, arzulanan istirahət üçün bircə şey lazımdır – şeytanın qıçını qırmaq.

Bunu necə edəsən?

Döşünə döyən dostun qapısını qəfil kəsdirirsən, maşınını "girov götürürsən", baqajına 2x2 ölçüsündə bir palaz, samovar, 4 cüt şiş atıb yola çıxırsan.

Marşrut bəlli və dəyişməzdir – Azərbaycan. Vətənin hər qarışı gözəldir. Amma nə Göy Gölə, nə Qəçrəşə, nə Qalaaltına baş vurmağa dəyməz. Mənə keçilməz meşələr gərəkdir, sıldırım dağ yamacları, gur axınlı çayların sahilləri, uğultusundan qulaq batan şəlaləli yaşıl çəmən... Bir sözlə, insan ayağı dəyməyən məkan!

Yolun yorğunluğunu çıxarmaq üçün çömbəlib oturmaq gərək deyil. Arzulanan məskənə çatdınmı, haydı iş başına! Samovarı dəmlə, çay iç. Yol yoldaşlarınla. Sonra işi bölün: biri odun-çırpı yığsın, biri əti duzlayıb-istiotlasın, sonra şişə çəksin, biri ocaq qalasın...

Süfrə başında. Heç nə düşünmə. Quşların cəh-cəhini, meşənin mızıldana-mızıldana oxuduğu nəğməni, suyun zümzüməsini dinlə. Yolüstü kənddə aldığın halal ruzidən ye, vallah həm qarnın, həm gözünü doyur. Şükür nemətinə Allah!

Sonra yuxu. Heç palaz da gərək deyil. Yıxıl göy otun üstünə. Gözlərini yum.

...Mən bütün bunları sadəcə xəyalımdan keçirərkən kompüterimin "Qovluğu"nda Zöhrə Abdullayevanın müsahibəsi peyda. Arzularımı beynimdən silib müğənninin istirahətini necə keçirtməsi haqda qeydlərini oxumaq məcburiyyətində qaldım: "Çexiyaya iyunun 14-də getdim. Ondan sonra da toy dəvətləri gəldi, amma otelin pulunu ödəmişdim. Karlovı Varı çox təsir elədi. Şuşaya oxşayır..."

Karıxdım, Şuşa hara, Karlovı Varı kurort şəhəri hara? Nəsə, özümə zülm verib müsahibəni tamam-kamal oxuyub redaktə eləmişdim ki, otaqda hay-həşir qopdu ki, İlhamə Quliyeva yenə Çingiz Qənizadənin ünvanına ağzına gələni deyib. Vecimə almadığımı görüb həmkarlardan biri masama yan aldı.

"Sən canın bax, bax, gör nə deyib..." "Siçan"ı əlimdən alıb linki özü açdı. Hətta mənim mütaliə əvəzinə sadəcə boş nəzərlə ekrana baxdığımı görüb mətni özü ucadan oxumağa başladı: "Cavan oğlan, Çingiz Qənizadə! Əgər hesab edirsiniz ki, mənim psixoloji durumum yerində deyil, sizə məsləhət görürəm mütləq həkimə müraciət edəsiniz. Öz psixoloji durumunuzu yoxlatdırasınız. Kim sizə haqq verib ki, məni tanımaya-tanımaya ünvanıma bu qədər şər-böhtan, təhqir deyirsiniz? Siz anlamırsınız ki, bunlar nə ilə nəticələnə bilər? Mən Vətənimdə sizdən də artıq status sahibiyəm. Əgər mən Dünya Sülh Səfiri tituluna layiq görülmüşəmsə, deməli, mən toxunulmazam. Lakin çox heyflər olsun ki, siz bunları nəzərə almayıb, həddinizi aşdınız..."
...Beş dəqiqə ötdü. Mən şeytanın qıçını qırıb bir daha istirahət xəyallarıma qayıtmaq istədim. Amma arzular gerçəyin acı, rəhmsiz bataqlığında elə batmışdı ki, geri dönüşə yer yoxudu.
Bu da istirahət!

...TV-də "Bağ mövsümü" göstərirlər. Bir dostum bu yay məni bağa aparacağına söz vermişdi. Amma başı İlhamə Quliyevaya "qarışıb"...

AzNews.az