TQDK Göyçay sakininin özünü zəncirləməsi xəbərini təkzib etdi

Elnur Nağızadə: "Göyçayda ümumiyyətlə heç bir abituriyent imtahandan xaric olunmayıb"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün Göyçay rayonundan gələn valideynin özünü komissiyanın binasına zəncirləməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında deyib ki, bu gün Göyçay rayon sakinin TQDK-nın qarşısında qapıya zəncirləmək istəməsi ilə bağlı yayılan informasiya tamamilə absurddur. Onun sözlərinə görə, belə bir hal ümumiyyətlə qeydə alınmayıb: "Təəssüf edirik ki, bəzi KİV nümayəndələri qeyri-peşəkar, hadisələrlə bağlı məlumatsız olduqları halda əsassız informasiyalar yazırlar. Yazıda qeyd olunur ki, guya həmin valideyn Göyçay rayonunda keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanı verən oğlunun nəzarətçilər tərəfindən haqsız yerə imtahan zalından kənarlaşdırılmasına etiraz olaraq bu işi törədib. Amma məlumat vermək istərdik ki, Göyçay rayonunda keçirilən III ixtisas qrupu üzrə qəbul imtahanından heç bir abituriyent xaric olunmayıb".

Qeyd edək ki, bəzi mətbuat orqanlarının bu gün yaydığı xəbərə görə, iyulun 18-də bir valideyn Bakıda özünü TQDK binasının qapısına zəncirləyib. Göyçay rayonundan gələn valideyn III qrupa imtahan verən oğlunun nəzarətçilər tərəfindən haqsız yerə imtahan zalından kənarlaşdırıldığını söyləyib. Qadının özünü zəncirləməsi ilə əraziyə polis çağırılıb. Polis zənciri açaraq qadını ərazidən uzaqlaşdırıb.


AzNews.az