"İrəvan AİB ilə Aİ arasında seçim qarşısındadır" – Hikmət Babaoğlu

"Avrasiya İqtisadi Birliyi ilə Avropa Birliyi həm ümumi siyasi məqsədlər, həm də iqtisadi münasibətlərin məntiqi baxımından tamamilə fərqli strukturlardır. Bu baxımdan hesab edirəm ki, bu iki təşkilatı bir-birindən ayıran əsas amil iqtisadi məntiqdən daha çox ortaq siyasi məqsədlərin fərqliliyidir. Əks halda, sırf iqtisadi yanaşma ilə ortaq maraqlar tapmaq və onları inkişaf etdirmək mümkündür. Lakin siyasi hədəflərin fərqli olması bu iki qurum arasında ciddi sədd yaradır. Rusiyanın Ermənistanla bağlı səsləndirdiyi fikirlər də iqtisadi məntiqdən çox siyasi məqsədlərə, daha dəqiq desək, Ermənistan üzərində nəzarəti saxlamaq niyyətinə xidmət edir. Məsələnin mahiyyəti də məhz bundan ibarətdir. İqtisadi münasibətlər isə Ermənistanın Avropa İttifaqına inteqrasiyasının qarşısını almaq üçün təzyiq aləti kimi istifadə olunur".

Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

Qeyd edək ki, Avrasiya İqtisadi Birliyi (AİB) ilə Avropa Birliyi arasında sistem fərqlərinin dərinləşməsi fonunda Ermənistan üçün seçim zərurəti gündəmə gəlir. Dmitri Peskov bildirib ki, bu iki birlik “fərqli əməliyyat sistemləri” kimi fəaliyyət göstərir və onların paralel şəkildə uyğunlaşdırılması mümkün deyil. Kremlin sözçüsünün sözlərinə görə, İrəvan müəyyən mərhələdə bu iki istiqamət arasında qərar vermək məcburiyyətində qalacaq.

Deputat qeyd edib ki, Rusiya Ermənistanı öz təsir dairəsində saxlamağa çalışır və anlayır ki, bunu əvvəlki kimi etmək artıq çətinləşib.

"Çünki Ermənistanın xarici siyasətində prioritet kimi Avrasiya İqtisadi Birliyi deyil, daha çox Avropa İttifaqı ön plana çıxır. Bununla belə, Ermənistanın mövcud iqtisadi və ticarət əlaqələrinin böyük ölçüdə Avrasiya İqtisadi Birliyindən asılı olması Rusiyaya bu amildən siyasi təzyiq vasitəsi kimi istifadə etmək imkanı verir. Beləliklə, Rusiya Federasiyası Ermənistanın özünün “forpostu” statusundan çıxmasına imkan vermək niyyətində deyil. Bu səbəbdən də inteqrasiya məsələlərində daha liberal yanaşmalardan uzaq durmağa çalışır ki, Ermənistan həm hərbi-siyasi, həm də iqtisadi baxımdan ondan asılı vəziyyətdə qalsın. Rusiya hesab edir ki, Ermənistanın Avropa Birliyinə inteqrasiyası onun Cənubi Qafqazdakı təsir imkanlarını zəiflədə bilər. Ümumilikdə, Cənubi Qafqaz coğrafi baxımdan vahid bir məkan təşkil etdiyindən, region ölkələrindən biri ilə Rusiyanın münasibətlərində yaranan gərginlik digərlərinə də təsirsiz ötüşmür. Bu, Rusiyanın region siyasətinin ümumi məntiqindən irəli gəlir. Bu yanaşma təkcə Ermənistanla deyil, Gürcüstanla münasibətlərdə də özünü göstərir. Avropa İttifaqı ilə Gürcüstan arasında zaman-zaman yaranan gərginlikləri də müəyyən dərəcədə Rusiya faktoruyla izah etmək mümkündür. Hesab edirəm ki, Rusiyanın yanaşmasına görə, qarşıdakı dövrdə keçiriləcək seçkilər onun Cənubi Qafqaz siyasəti baxımından mühüm strateji mərhələdir. Bu baxımdan Moskva həmin prosesi öz maraqları çərçivəsində maksimum dərəcədə dəyərləndirməyə çalışır".

Rəfiqə Namazəliyeva,

AzNews.az