- Köhnə - Cəmiyyət
- 20 İyul 2013 19:40
- 3 403
Ədəbiyyat İnstitutunda “Azərbaycan mühacirət ədəbiyyatı” şöbəsi yaradıldı
Bu barədə APA-ya AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib.
Onun sözlərinə görə, 100 illik yaşı olan mühacirət ədəbiyyatı Ədəbiyyat İnstitutunda ardıcıl, sistemli şəkildə öyrənilməyib: "Bu institutda böyük insanlar - Məmməd Cəfər Cəfərov, Əli Sultanlı, Hənəfi Zeynallı, Həmid Araslı çalışıb. Ədəbiyyat İnstitutunun əsas vəzifələrindən biri müasir dövrə uyğun gələn ənənələri qoruyub saxlamaqdan və daha da möhkəmləndirməkdən ibarətdir. 20-25 əvvəl mühacirətdə yaşayan ədiblərimizin adını çəkməkdə ehtiyatlı davranırdıq. Hətta adlarını çəkə bilmirdik. Mütləq adlarının qabağına "mürtəce burjua" ifadəsini yazırdıq. Ən azı "burjua" yazırdıq. Çünki bu insanların adını tənqid etmədən çəkmək mümkün deyildi. Bizim mühacirət ədəbiyyatının 100 illik tarixi var, Ədəbiyyat İnstitutunda isə ayrıca struktur şəklində öyrənilməsi nəzərdə tutulmayıb. Məsələn, bizim Ümmülbanu, Əli Bəy Hüseynzadə, Məhəmməd Əsəd bəy kimi klassiklərimiz var. Onların əsərlərini sistemli şəkildə çap etmək, yaradıcılıqlarını öyrənmək, tədqiq etmək müstəqillikdən 21 il keçməyinə baxmayaraq, ayrıca bir şöbədə tədqiq olunmayıb. Biz ona görə də Ədəbiyyat İnstitutunda "Azərbaycan mühacirət ədəbiyyatı" şöbəsi yaratmağı vacib saydıq".
İsa Həbibbəyli əlavə edib ki, mühacirət ədəbiyyatının öyrənilməsi ilə yanaşı, Azərbaycan Diaspor Ədəbiyyatının da yenidən tədqiq olunması Ədəbiyyat İnstitutunun qarşısında duran əsas vəzifələrdən biridir: "Bizim dünyada tanınan, mənimsənilmək istəyən klassiklərimiz, görkəmli yazıçılarımız var ki, onlara sahib çıxmalıyıq".
AzNews.az