Azərbaycanda Avropanın ən iri heyvandarlıq kompleksi tikilir

Azərbaycanda Avropanın ən iri südçülük-maldarlıq kompleksi tikilir.

Qəbələ rayonunun Vəndam kəndində tikilən "Aqrokompleks Qəbələ"də gündəlik olaraq 50 ton süd istehsalı planlaşdırılır. Bu barədə "APA-Economics"ə Kənd Təsərrüfatı Nazirliyi heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz Fərəcov məlumat verib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın süd və ətə böyük tələbatı var: "Keçən il adambaşına 30 kq ət istehsal olunub. Amma biz istəyirik ki, ət istehsalı ən azı 70 kq-a çatdırılsın. Bu, strateji vəzifəmizdir. Bundan başqa, Ağcabədi rayonundakı "Aqat-aqro" MMC-də 3 ton süd istehsal etməyi planlaşdırırıq", - deyə şöbə müdiri əlavə edib.

Qeyd edək ki, Azərbaycanda 12 iri südçülük kompleksi fəaliyyət göstərib və daha 3 yeni kompleks artıq istifadəyə verilib. Həmin komplekslərin hər birində 600-700 baş sağılmalı inək saxlanılır.

Xatırladaq ki, Ağcabədi rayonundakı "Aqat-aqro" MMC və Şəkidəki "Aqro-indastri" MMC təsərrüfatının hər birində 2012-ci ildə orta hesabla hər inəkdən 6-6,5 ton süd sağılıb.

AzNews.az