- Köhnə - Cəmiyyət
- 27 İyul 2013 07:32
- 2 425
Nazirlər bu il harada istirahət edəcək? – ARAŞDIRMA
Azərbaycanda həm mətbuat, həm də cəmiyyət üçün ən maraqlı mövzulardan biri yüksək rütbəli məmurların şəxsi həyatları, onların nə yediyi, nə içdiyi, harda, necə istirahət etdiyi və s.-dir.
Mətbuat üçün bu, hər zaman ən tirajlı mövzulardan biri olub. Bəzən hansısa nazirin və ya daha kiçik ranqlı məmurun şəxsi həyatının detalları barədə epizodik məlumatlar yayılsa da, ümumilikdə yüksək rütbəli məmurlar adətən bu mövzularda danışmaqdan imtina edirlər.
BU DƏFƏ İSƏ ONLAR ÖZLƏRİ DANIŞIB.
AzNews.az bir neçə nazirin və yüksək vəzifəli məmurun yay istirahətlərini necə keçirəcəkləri ilə maraqlanıb və bir sıra maraqlı cavablar alıb.
Uca dağlar başında...
Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun təbiətsevər olduğunu hamı bilir. Onun dağlara qalxmağa xüsusi önəm verdiyi də heç kəsə sirr deyil. Hər zaman yüksəkliklərdə gördüyümüz nazirə bu sualla müraciət edəndə, cavabı da təxmin edirdik. Elə H.Bağırovun cavabı da ehtimalımızı doğrultdu:
"Uca dağlarda, çoban ayağı dəyməyən sakit bir yerdə tək qalıb dincəlməyə üstünlük verərdim".
Bir dəniz, bir dostum, bir də mən...
Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun da maraqlı arzusu və planı var. Amma o, nazir həmkarı H.Bağırovdan fərqli olaraq, tək qalmaq istəmir. Odur ki, planını da ortaq tərtib edib:
"Mənim bir dostum var. Bakıda anadan olub, hazırda Moskvada yaşayır. Onun katamaran tipli yaxtası var. Razılaşmışıq ki, bir dəniz səyahətinə çıxaq. Bu ilin və ya gələn ilin noyabrında həmin katamaranla Atlantik okeanını keçmək istəyirik".
"Azərbaycandan yaxşı yer yoxdur"
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov da yaxınlarda istirahət etmək arzusundadır. Ancaq onun arzuladığı yerlər ölkəmizin sərhədləri daxilindədir: "Harada oluramsa-olum, mənim üçün Azərbaycandan yaxşı yer yoxdur. Ona görə də, istirahəti də elə ölkəmizdə edərəm".
Gəzməyə qərib diyar, istirahətə vətən yaxşı...
Kənd təsərrüfatı naziri İsmət Abbasov isə deyir ki, istirahət eləməyə vaxt tapmır. İşgüzar məqsədlə ölkənin dörd bir yanını dolaşan nazir, elə istirahət üçün də məkanı Azərbaycan ərazisindən seçib. Dediyinə görə, istirahət üçün plan qurmağa fürsəti olarsa, onu mütləq Lənkəran və ya Qubada dəyərləndirəcək.
"Azəriqaz" rəhbəri qazın "çatmadığı" yerlərə gedir "Azəriqaz" İstehsalat Birliyinin sədri Əkbər Hacıyev də istirahət məkanını uzaq sərhədlərdə axtarmır. Onun fikrincə, yaxşı istirahət eləmək üçün saatlarla vaxt sərf edib, böyük məsafələr qət etməyə ehtiyac yoxdu. Elə Azərbaycanın rayonlarında da dincəlmək üçün çox gözəl məkanlar var.
Ombudsman istirahətə yox, müalicəyə gedir
Ölkə Ombudsmanı isə hər il məzuniyyətini müalicəyə həsr edir. Ombudsman Elmira Süleymanovanın səhhəti xüsusi istirahət planlaşdırmağa imkan vermir.
Ruhiyyə
AzNews.az