XİN aciz durumda

Dünya turuna çıxan velosipedçimizin vizası həll olunmur



Aprelin 9-da Bərdə şəhərindən velosipedlə dünya turuna çıxan azərbaycanlı səyyah Ramil Ziyadovun viza məsələsi hələ də öz həllini gözləyir.

Xəbər verdiyimiz kimi, səyyahımız Bərdədən 14 min kilometr məsafəni qət edərək, Yaponiyaya getmək, Azərbaycanı tanıtmağa xidmət edən səyahətini həmin ölkədə yekunlaşdırmaq istəyir. Maddi dəstək alarsa, sonradan ABŞ-a getməyi planlaşdıran səyyahımız səyahətinin başa çatmasına 1 ay qalmış hətta Yaponiyaya da getmək ümidini itirib. Bu barədə o, AzNews.az-a açıqlamasında deyib:

"Bərdədən Yaponiyaya 14 min kilometr məsafə var. Artıq Çitaya çatmaq üzrəyəm. 3 gündü yağış yağır və mən özüm də xəstələnmişəm. Təbii ki, bütün bunlara baxmayaraq, yola davam edirəm. Artıq finişə yaxınlaşıram. 4000 kilometrdən sonra qarşıma qoyduğum məqsədə çatmış olacam. Lakin 1000 kilometri arxada qoyub 4000 kilometri gedə bilməmək narahatlığı var. Hətta hər gün ümidlərim daha çox azalır. Yaponiyaya keçmək üçün viza olmasa, mənim məqsədim yarımçıq qalmış olacaq".

Onun təxmini hesablamasına görə, Yaponiyaya avqustun sonu, sentyabrın əvvəllərində çatacaq.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AzNews.az-a bildirib ki, səyyah Azərbaycanı tərk etmədən öncə viza məsələsini həll etməli idi: "İndiki mərhələdə o, Yaponiyanın ən yaxın diplomatik nümayəndəliyinə müraciət etməli, bir neçə gün istirahət etməklə vizasını alıb sonra yola düşməlidir". Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılov isə səfirliyin özbaşına hərəkət edə bilməyəcəyini söyləyib. Onun sözlərinə görə, Gənclər və İdman Nazirliyi onun Yaponiyaya keçmək istəyi ilə əlaqədar Azərbaycanın həmin ölkədəki səfirliyinə təlimat verməlidir.

Onlar hər hansı təlimatı alandan sonra, kömək üçün Rusiyanın Vladivostokdakı konsulluğuna yazacaqlar və ən son olaraq həmin konsulluqdan ümumi razılıq əsasında viza alınacaq.

Velosiped idmanı üzrə Federasiyanın beynəlxalq əlaqələr üzrə meneceri Elvin Heydərov isə AzNews.az-a açıqlamasında bildirib ki, Ramil Ziyadovun səfəri ilə bağlı Federasiya əlindən gələni etməyə çalışır. Ancaq nəticə Ramilin özündən daha çox asılıdır: "Biz Xarici İşlər Nazirliyi və Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə saxlayıb ata biləcəyimiz addımları məsləhətləşdik. Məlum oldu ki, hərəkətə keçməyimiz üçün R.Ziyadovun valideynlərinin gənclər və idman nazirinin adına yazılmış ərizəsi tələb olunur. Bu barədə Ziyadova da yazdıq. Lakin hələlik onlar bizimlə əlaqə saxlamayıb. Biz əlimizdən gələni edirik. Nə lazımdırsa, bundan sonra da etməyə hazırıq".

Ruhiyyə
AzNews.az